- 05.11.2024 18:15
“Sponsorlar TikTok-dakılara üstünlük verir”
“Tamaşaçıda günah görmürəm. O filmləri çəkib tamaşaçının zövqünə təsir göstərənlərdə günah görürəm. Əhali azdır, bizdə böyük kassalar olası deyil. Bəlli bir əhali və kinoteatr sayı var. Nə etsən də, ondan qabağa gedə bilməyəcəksən. İnsan fikirləşir ki, ən azından qoyduğum pulu kinoteatrdan çıxardım”.
Milli.Az xəbər verir ki, bu sözləri aktrisa Sevinc Əliyeva jurnalist Pərviz Hüseynin təqdimatında yayımlanan “Pərvizə görə” verilişində deyib.
O bildirib ki, prodüserlər arasında birlik olsa, yaxşı layihələr ərsəyə gələr:
“Əfsuslar olsun ki, bəlli bir tamaşaçı kateqoriyasına uyğunlaşmaq üçün nələrsə çəkilir. Belə olur, ona da baxılır. Məsələn, sponsor “Vətəndaş A” serialına köməyə gəlməzdi. Bu, komediya janrında olsa da, gəlməzdi. Məncə, onlar daha çox reytinqli aktyorları, TikTok-da baxılan simalara üstünlük verirlər. Hərdən tamaşaçı elə ssenariyə gedir ki, adam belə qalır. Qınamaq olmur, hər kəsin öz zövqü var. Bəlkə də zamanla düzələcək. Prodüserlər əl-ələ versə, keyfiyyətli iş görmək istəsələr, tamaşaçının da zövqü düzələcək. “Vətəndaş A”ya hamı baxır axı. Reytinq məsələsini mən bilmirəm, kanal rəhbərliyi bilir”.