- 25.01.2024 13:52
Özlərini ər-arvad kimi təqdim edən ögey bacı-qardaşa ağır cəza
Şəmkirdə 2 qadına qarşı dələduzluq və quldurluq əməlində təqsirləndirilən Kəlbəcər rayon sakinləri Sənani Misirov və ögey bacısı Gülnar Həşimzadəyə hökm oxunub.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 33 yaşlı Sənani və 30 yaşlı bacısı Cinayət Məcəlləsinin 178 və 181-ci (dələduzluq və quldurluq) maddələri ilə təqsirli biliniblər.
Məlum olub ki, Sənani 2018-ci ildə həbsdən çıxıb və həmin vaxt ögey bacısı boşanıb. Bundan sonra onlar Bakıda birgə kirayədə yaşamağa başlayıblar. 2021-ci ildə isə Sənani və Gülnar Bakıdan Şəmkirə gedərək orada özlərini ər-arvad kimi təqdim edərək kirayə ev tutublar. Daha sonra onlar qızıl alveri ilə məşğul olan və Gəncədə fəaliyyət göstərən 2 qadınla əlaqə saxlayaraq onlarla münasibət qurublar.
Özlərini həmin qadınlara da ər-arvad kimi təqdim edən şəxslər onlardan birinin inamını qazanaraq toyda istifadə edib qaytarmaq adı ilə 17 min manatlıq qızıl-zinət əşyaları alıblar. Daha sonra hər iki şəxs digər qızıl alverçisini yaşadıqları evə dəvət edib və ona hədə-qorxu gələrək özü ilə satış üçün gətirdiyi 15 min manata yaxın dəyəri olan qızılları zorla əlindən alıblar.
Daha sonra hər iki şəxs Bakıya qayıdaraq ələ keçirdikləri qızılları satıblar.
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda Sənani Misirova 9 il 6 ay, bacısına isə 9 il həbs cəzası verilib.