- 30.01.2024 19:57
Mebel sexindəki partlayışın səbəbi məlum oldu – Şirkət rəhbərləri həbs edildi – RƏSMİ
Binəqədidə baş vermiş partlayış-yanğınla bağlı 2 nəfər şəxs həbs olunub.
Proses.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən partlayış-yanğınla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
İlkin istintaq tədbirləri nəticəsində 2 şəxsin qanunsuz əməlləri ifşa edilib.
İstintaqla müəyyən olunub ki, partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib.
Belə ki, toplanmış sübutlarla “Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin səhmdarı və faktiki sahiblik edən vəzifəli şəxs Tağı İbrahimovun işinə laqeyd münasibət göstərib xidməti vəzifələrinin yerinə yetirməməsi, yəni müəssisədə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi işini düzgün təşkil etməməsi, yanğın təhlükəsizliyi ilə bağlı əvvəllər aşkar edilmiş ciddi qanun pozuntularının aradan qaldırılması üçün zəruri rəhbər tapşırıqlar verməməsi, ASC-ni faktiki olaraq idarə edən Toğrul Rzayevin isə yanğın təhlükəsizliyi qaydalarına cavabdeh şəxs kimi bu qaydaları pozması, yəni müəssisənin yanğın təhlükəsizliyinin, habelə yanar tullantıların və tozların təmizlənməsini təmin etməməsi səbəbindən baş vermiş partlayış-yanğın nəticəsində 10 nəfər şəxsin ölümünə, 23 nəfər şəxsin xəsarət almasına, habelə ASC-nin və ətrafda olan daşınar-daşınmaz əmlaklara əhəmiyyətli maddi ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.
İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda), Toğrul Rzayev isə həmin Məcəllənin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, istintaq orqanın vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirləri seçilib.
İstintaqın gedişatı və nəticələri barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək.