- 22.04.2024 12:47
Emin Əmrullayevdən YENİ TƏYİNAT
Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinə müdir təyin edilib.
Proses.az Trend-ə istinadən xəbər verir ki, bu vəzifəyə İlqar Bayramlı təyinat alıb.
Qeyd edilib ki, o, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda iqtisadi-riyazi üsullar ixtisası üzrə aspirantura təhsili alıb.
İlqar Bayramlı Azərbaycan Ali Hərbi Məktəbində müəllim, baş müəllim, “Neftçi” PFK MMC-də Maliyyə şöbəsinin rəisi vəzifəsində çalışıb. Bundan başqa, “Alyans Tekstil” MMC-də direktor, “Capital Motors” MMC-də maliyyə direktorunun müavini, direktor vəzifələrində fəaliyyət göstərib. Bir müddət “Təmiz qaz” QSC-də direktorun maliyyə məsələləri üzrə müşaviri kimi fəaliyyətini davam etdirən İlqar Bayramlı Ağsu rayonunda “Azqranata” MMC-də Maliyyə departamentinin direktoru vəzifəsində də işləyib.
2022-ci ildən Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini vəzifəsində çalışıb.
Ailəlidir, 3 övladı var.