- 21.08.2024 14:42
Meyitləri görürlər, götürə bilmirlər: Varlılarla dolu yaxtanın batması – Sui-qəsd, yoxsa tamaşa?
56 metrlik dəbdəbəli Bayesian yaxtasının Siciliya sahillərində qəzaya uğradığı və göyərtəsində olan britaniyalı milyarderin həlak olduğu barədə məlumat vermişdik.
Publika.az xəbər verir ki, dalğıclar cəsədləri dənizin dibində tapsalar da, vəziyyətə görə heç bir tədbir görə bilməyiblər.
“Yacht Bayesian” 2008-ci ildə İtaliyanın Perini Navi tərsanəsi tərəfindən tikilib və 30 milyon funt-sterlinqə başa gəlib. Bu superyaxta dünyanın ən böyük və ən güclülərindən biri hesab olunurdu: uzunluğu 56 metr, hündürlüyü 75 metr (dünyada ikinci ən hündür) idi və hər biri 965 at gücünə malik iki dizel mühərrikə sahib idi. Yaxtanın sahibi, multimilyonçu Mayk Linç “Britaniyalı Bill Qeyts” kimi tanınır.
Linç milyarder dostlarını dəvət edərək ABŞ-da səs-küylü fırıldaqçılıq işində bütün ittihamların rədd edilməsini qeyd etmək məqsədilə yaxtada şənlik təşkil edib.
Bildirilir ki, yaxta avqustun 19-da saat 04:30-da Siciliya sahillərində qəzaya uğrayıb. İtaliya mətbuatının məlumatına görə, gəmi tornado ilə birlikdə güclü qasırğaya məruz qalıb. Bu səbəbdən 75 metrlik dirək çöküb, lövbərdə olan yaxta əyilib və aşıb, içərisinə su tökülüb.
Yaxtada olan 22 nəfərdən 15-i xilas ola bilib. Sağ qalanlar arasında Mayk Linçin arvadı Anjela Bakares də olub. Onun sözlərinə görə, cütlük səhər saat dörddə yaxta əyilməyə başlayanda oyanıblar. Onlar nə baş verdiyini bilmək üçün çarpayıdan qalxıblar və bu zaman kabinənin şüşələrindən biri qırılıb və nəticədə gəmidə çaxnaşma yaranıb. Yaxta cəmi iki dəqiqə ərzində batıb. Ayaqlarında şüşə qırıqlarının yaratdığı kəsiklər səbəbindən indi Bakares hərəkət edə bilmir.
Qəzanın dəqiq necə baş verdiyi ən müəmmalı sual olaraq qalır. Maraqlıdır ki, yaxtanın yanındakı Niderlanda aid “Sir Robert BP” yelkənli gəmi zərər görməyib. Sağ qalanları xilas edənlər də bu gəminin heyəti olub.
Baş verənlərlə bağlı versiyalardan birinə görə, qəza olub. Yerli balıqçılar bildiriblər ki, qəza zamanı yaxta yaxşı işıqlandırılıb, lakin qəfil fırtına onlar üçün tam sürpriz olub. Xəstəxanada özünə gələn gəmi kapitanı tornadonun yaxınlaşmasını heç kimin hiss etmədiyini təsdiqləyib.
Hadisənin ikinci versiyası insan səhvi ilə bağlıdır. Ola bilsin ki, qonaqlardan biri yüksək əhval-ruhiyyədə olduğundan yaxtaya nəzarəti öz əlinə alıb, bununla da təhlükəli vəziyyət yaratmış ola, həmçinin gəmi lövbər saldığı üçün onun küləyə doğru əyilməsi çevrilməyə səbəb ola bilərdi.
Üçüncü versiya isə sui-qəsddir. Ola bilsin ki, yaxtada təxribat təşkil edilib, məsələn, partlayış olub və pis hava şəraiti örtük kimi istifadə olunub. Hadisədən bir neçə gün əvvəl Linç işində də iştirak edən maliyyə direktoru Stiven Çemberlen müəmmalı şəkildə dünyasını dəyişib. Ola bilsin ki, kimsə sübutları məhv etmək və ya qisas almaq istəyib.
Dördüncü versiya fidyə müqabilində adam oğurluğu variantını nəzərdən keçirir. Cəsədlər tapılmadığından onların öldüyünü söyləmək üçün formal əsas yoxdur. Cinayətkarlar yaxtada ola bilərdilər. İtkin düşənlər arasında milyarder, onun varisi və vəkil də var ki, onlar üçün külli miqdarda pul tələb oluna bilər.
Beşinci versiya səhnələşdirməni nəzərdə tutur. İnanılmaz görünsə də, milyarderin yoxa çıxması diqqətlə planlaşdırılmış qaçışın bir hissəsi ola bilər. Belə ki, məhkəməyə verilən Mayk Linç 3 milyard funt sterlinq təzminat ödəməli idi. Qəzanın saxtalaşdırılması böyük bir məbləğ ödəməmək üçün bir yol ola bilərdi.
Bundan əlavə, dalğıclar dənizin dibinə eniblər və pəncərələrdən yaxtanın içərisində cəsədlərə bənzəyən əşyaları müşahidə ediblər. Lakin içəri daxil ola bilməyiblər, çünki keçidləri yaxtada aşan mebellər bağlayıb.