- 31.01.2025 18:54
Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!
Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün həyatını itirməsi ilə nəticələnən partlayış ölkəmizdə postmüharibə dövründə partlamamış hərbi sursat (PHS) və minalarla bağlı vəziyyətin nə qədər ciddi və təhlükəli olduğunu bir daha göstərmiş oldu.
Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, BMT-nin məlumatlarına əsasən, Azərbaycan dünyada minalarla və PHS-lərlə ən çox çirklənmiş ölkələrdən biridir.
Ölkəmiz bu məsələdə Laos, Anqola, Kamboca, Konqo, Vyetnam, Əfqanıstan kimi dövlətlərlə bir sırada dayanır ki, bunun da səbəbi son 35 il ərzində Azərbaycanın böyük bir ərazisini əhatə etmiş iki müharibədir.
Vətən müharibəsindən sonra onlarla insan məhz bu səbəbdən, yəni mina və PHS partlamasından həyatını itirib və bu hadisələr davam etməkdədir.
Adları qeyd edilmiş, yaxın keçmişdə müharibələr yaşamış və hazırda müharibələrin davam etdiyi ölkələr kimi Azərbaycanda da insanlar, xüsusilə aktiv döyüş əməliyyatlarının getdiyi yerlərdə və ətraf zonaların sakinləri bu təhdidlə birgə yaşamaqdadır.
Əvvəlcədən qeyd edək ki, partlamamış hərbi sursat – PHS döyüş və təlim zamanı istifadə olunmuş, lakin bu və ya digər səbəbdən partlamamış mərmilər və digər hərbi sursatlardır. PHS-lər əl qumbaraları, artilleriya/minaatan mərmiləri, bombalar, güllələr, raketlərdir. Onlar çox böyük təhlükə mənbəyidir, uzun illər zərərsizləşdirilmədən qalan bu cür sursatlar istənilən ən adi toxunuşla partlaya bilər. Təcrübə göstərir ki, mülki şəxslər, əksər hallarda, mina və PHS-ləri gündəlik istifadə etdikləri və yaxud artıq tanıdıqları əşyalara bənzətməyə və bu üsulla da onların təhlükəli olub-olmadığını təyin etməyə çalışırlar. Bu səbəbdən vətəndaşlara mənşəyi şübhəli sayılan və onlara məxsus olmayan əşyalara, ümumiyyətlə, yaxınlaşmamaq tövsiyə olunur.
Təhdid daha çox işğaldan azad edilmiş ərazilərə köçürülən insanları, həmçinin buraya yaxın yaşayanları əhatə edir. Bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə yalnız təhlükəsizliyinə əmin olduğunuz yerlərdən və mümkün qədər asfalt örtüyü olan yollardan istifadə etmək tövsiyə olunur. Döyüşlər getmiş ərazilərdən, kölgəli yerlərdən, çay keçidləri və su mənbələrindən, meşə və bağlardan, tərk edilmiş tikililərdən, hərbi istehkamlardan, səngərlərdən, istifadəsiz və ot basmış yollardan, dağıdılmış hərbi və mülki texnikadan, minalanmış sahə kimi xəbərdarlıq nişanları ilə əhatələnmiş ərazilərdən uzaq olmaq lazımdır. Bu kimi yerlər daha çox uşaqların marağını cəlb etdiyindən məktəblərdə və ailələrdə azyaşlı və yeniyetmələrlə bu istiqamətdə daim söhbətlər aparılmalıdır.
İndiyə qədər baş verən mina və PHS partlayışı hadisələrinə nəzər saldıqda görünür ki, bu cür bədbəxt olayların 70 faizdən çox hissəsi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib. Bu da onu deməyə əsas verir ki, mina və partlamamış hərbi sursatlara nəinki keçmiş təmas xətti boyu olan ərazilərdə, hətta işğaldan azad olunan bütün ərazilərdə rast gəlmə ehtimalı var. Statistik təhlillər göstərir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə hərbi və mülki şəxslərin minaya düşməsi hadisələrinə görə ilk üç yeri Tərtər, Kəlbəcər və Ağdam rayonları tutur.
Füzuli rayonu da Birinci Qarabağ müharibəsi dövründə minalarla ən çox çirkləndirilmiş bölgələr sırasındadır. Elə bölgələr var ki, orada bir kvadratmetr sahədə 6-8 mina aşkarlanır.
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlara əsasən aparılan təhlil göstərir ki, son 4 il ərzində (2020-2024-cü illər) 180 min hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Təkcə 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları zamanı 2 372 ədəd tank və 4 286 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə, son 4 ildə (2021-2024-cü illər) işğaldan azad olunmuş ərazilərdə 18 411 ədəd tank, 29 250 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət yerinə yetirir. 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 59 163 ədəd partlamamış hərbi sursat da aşkar edilərək zərərsizləşdirilib.
Xatırladaq ki, son 4 il (2021-2024-cü illər) ərzində işğaldan azad olunmuş ərazilərdə 119 104 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.
Hazırda işğaldan azad edilmiş ərazilərin təmizlənməsi işləri sürətlə davam etsə də, daha əvvəl işğal altında olmamış cəbhəboyu yerlərdə, məsələn, bu gün bədbəxt hadisənin baş verdiyi Ağcabədidə və digər ərazilərdə də risklərin olduğu məlumdur. Bunun üçün isə ilk növbədə əhalinin maarifləndirilməsi, təhlükəli əşyalarla düzgün davranış qaydalarının aşılanması vacibdir.
İlk növbədə məktəblərdə şagirdlərlə iş aparılmalı, işğaldan azad edilmiş və cəbhəboyu yerləşmiş rayonlardakı məktəblərdə dərs saatları, praktiki məşğələlər təşkil edilməlidir. Bununla yanaşı, ailələr maarifləndirilməli, qeyri-hökumət təşkilatları real fəaliyyətə söykənən işlər görməlidir.