- 11.03.2025 18:56
Erməni qız Moldovada Azərbaycanla bağlı iddialar səsləndirdi – Susduruldu

Moldovanın Kişineu şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransda erməni təxribatının qarşısı alınıb. Belə ki, tədbirin ilk günündə təşkil edilən 5-ci paneldə özünü qondorma “Dağlıq Qarabağ”ın sakini kimi təqdim edən erməni qızın çıxışı zamanı Azərbaycanla bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirilib.
Proses.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov çıxışa etiraz edib.
O erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb edib. V. Bayramov bildirib ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var:
“Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz. Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə, Qərbi Azərbaycanı zorla tərk etmiş 300 min azərbaycanlının hüquqlarından danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalar ilə Qafqazda sülhə nail olmaq olmaz”.
V.Bayramovun israrlı təkidindən sonra erməni nümayəndənin çıxışı dayandırılıb və ona çıxışını davam etdirməyə imkan verilməyib. Təşkilatçıların nümayəndəsi baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istəyib.
Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropa İttifaqının nümayəndələri iştirak edirlər.
Tədbirdə Azərbaycanı dövlət qurumlarının, o cümlədən Prezident yanında Beynəlxalq Münasibətlər Mərkəzinin, Dövlət Su Ehtiyatları Agentliyinin, universitetlərin, eləcə də Xəzər Universitetinin nümayəndələri və ekspertlər təmsil edilər. Tədbir martın 13-də başa çatacaq.

