- 26.12.2025 12:05
AGTL-in tərəfdaşlığı və WILAT Global-ın təşkilatçılığı ilə Azərbaycanda ilk beynəlxalq tədbir keçirildi – FOTOLAR
24 dekabr 2025-ci il tarixində Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) tərəfdaşlığı ilə WILAT Global-ın Azərbaycanda ilk tədbiri təşkil olunub.
Proses.az xəbər verir ki, “Nəqliyyat və logistikada qadınların gücləndirilməsi” mövzusuna həsr edilən tədbirdə dövlət qurumlarının və özəl sektorun rəhbər nümayəndələri, logistika sahəsində fəaliyyət göstərən mütəxəssislər və qadın sahibkarlar iştirak ediblər.
Tədbirdə çıxış edən AGTL sədri Vüsal Qasımlı bildirib ki, nəqliyyat və logistika sektorunda qadınların sahibkarlıq fəaliyyətinin və peşəkar potensialının artırılması Assosiasiyanın əsas fəaliyyət istiqamətlərindən biridir. Onun sözlərinə görə, bu sahədə qadınların daha fəal iştirakı sektorun inkişafına yeni impuls verə bilər və Assosiasiya bu istiqamətdə dəstəyini davam etdirəcək.
Çıxış zamanı Assosiasiyanın tərkibində yeni yaradılmış “Qadın Sahibkarlarla İş üzrə Alt Komitə” barədə də məlumat verilib. Qeyd olunub ki, Alt Komitə qadın sahibkarların və mütəxəssislərin peşəkar inkişafına dəstək göstərmək, onların sektorda mövqelərini möhkəmləndirmək və qərar qəbuletmə proseslərində iştirak imkanlarını genişləndirmək məqsədi daşıyır.
Tədbir çərçivəsində son illər Azərbaycanda qadınların həm dövlət, həm də özəl sektorda rəhbər vəzifələrdə təmsil olunmasının artması müsbət tendensiya kimi qiymətləndirilib. Bildirilib ki, bu göstərici ölkədə aparılan islahatların və müasir idarəetmə yanaşmasının nəticəsidir. Eyni zamanda vurğulanıb ki, strateji əhəmiyyətə malik nəqliyyat və logistika sahəsində qadınların rəhbər mövqelərdə təmsil olunması xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə ölkə rəhbərliyinin iqtisadiyyatın, xüsusilə nəqliyyat-logistika sektorunun inkişafına göstərdiyi diqqət də qeyd olunub. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə reallaşdırılan Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizləri Azərbaycanın regional və beynəlxalq logistik mövqeyini xeyli gücləndirib.
Qeyd olunub ki, bu layihələr nəqliyyat sahəsində yeni imkanlar yaratmaqla yanaşı, qadınların da sektorda peşəkar və idarəçi kimi fəaliyyətini təşviq edir. Bu baxımdan WILAT Global-ın Azərbaycanda ilk tədbirinin keçirilməsi və AGTL-nin bu təşəbbüsə tərəfdaşlığı mühüm addım kimi dəyərləndirilib.
WILAT Qlobalın Azərbaycan üzrə akkreditə olunmuş Əlaqələndirici Şəxsi Lamiyə Xəlilova bildirib ki, qadınların nəqliyyat və logistika sahəsində rolunun artırılması yalnız sosial bərabərlik baxımından deyil, həm də sektorun səmərəliliyinin və rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından vacibdir.

Proses.az