- 09.01.2026 16:39
AGTL-in Gömrük Təmsilçiliyi Komitəsi ilə Food City Agrocomplex arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) Gömrük Təmsilçiliyi Komitəsi (G.T.K) ilə Food City Agrocomplex MMC arasında əməkdaşlığa dair görüş keçirilib.
Proses.az xəbər verir ki, 8 yanvar tarixində Bakı KOB Evində baş tutan görüşdə AGTL-yə üzv olan gömrük təmsilçiliyi şirkətləri ilə Food City Agrocomplex MMC arasında qarşılıqlı əməkdaşlıq imkanları, B2B əlaqələrin genişləndirilməsi, eləcə də aqrar-logistika zəncirində səmərəliliyin artırılması məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Görüş zamanı Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Etibarlı Tərəfdaş Konsepsiyası”nın əsas müddəalarına xüsusi diqqət yetirilib. Bildirilib ki, bu Konsepsiya gömrük təmsilçiliyi sahəsində şəffaflığın təmin olunması, etibarlı biznes mühitinin formalaşdırılması və dövlət–özəl sektor əməkdaşlığının institusional əsaslar üzərində qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Food City Agrocomplex MMC ölkəmizdə aqrar istehsal, emal, saxlama, logistika və satış zəncirini vahid platformada birləşdirən müasir agro-sənaye komplekslərindən biridir. Kompleks yerli istehsalçıların məhsullarının bazara çıxış imkanlarının genişləndirilməsi, kənd təsərrüfatında əlavə dəyərin artırılması və ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində mühüm rol oynayır. Eyni zamanda, müasir logistika infrastrukturu və beynəlxalq standartlara uyğun xidmət imkanları ilə seçilir.
Food City Agrocomplex ilə AGTL arasında qurulan əməkdaşlıq ölkə iqtisadiyyatı üçün strateji əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq aqrar-logistika zəncirində istehsalçı, logistika operatoru və gömrük təmsilçisi arasında koordinasiyanın güclənməsinə, proseslərin vahid və çevik mexanizm əsasında idarə olunmasına imkan yaradacaq. Nəticədə gömrük rəsmiləşdirilməsi prosedurları daha sürətli, proqnozlaşdırıla bilən və şəffaf şəkildə həyata keçirilə biləcək.
Əməkdaşlıq gömrük işinin sürətlənməsinə, idxal və ixrac əməliyyatlarının daha operativ icrasına birbaşa təsir göstərəcək. Vaxt itkilərinin və əlavə xərclərin azalması biznes subyektlərinin fəaliyyətini asanlaşdırmaqla yanaşı, məhsulların bazara çıxış müddətini qısaldacaq, dövriyyə sürətini artıracaq. Xüsusilə tez xarab olan aqrar məhsullar üçün bu operativlik həm daxili bazarın fasiləsiz təminatı, həm də ixrac potensialının genişlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Makroiqtisadi baxımdan bu əməkdaşlıq qeyri-neft sektorunun, xüsusilə aqrar və logistika sahələrinin dayanıqlı inkişafına töhfə verə bilər.
Yerli istehsalçıların beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə, ixracın stimullaşdırılmasına və idxal proseslərinin daha səmərəli idarə olunmasına, ölkənin ticarət balansına müsbət təsir göstərə bilər. Eyni zamanda, gömrük və logistika sahəsində səmərəliliyin artması investisiya mühitinin cəlbediciliyini gücləndirəyi gözlənilir.
Qeyd edək ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə sahibkarlığın inkişafına, qeyri-neft sektorunun genişləndirilməsinə və biznes mühitinin yaxşılaşdırılmasına yönəlmiş ardıcıl dövlət siyasəti həyata keçirilir. Sahibkarlar üçün vergi və gömrük güzəştləri, infrastruktur layihələrinin icrası, KOB-lara göstərilən maliyyə və institusional dəstək real sektorun inkişafını sürətləndirib. Məhz bu siyasətin nəticəsi olaraq assosiasiyalarla iri istehsal və logistika strukturları arasında belə əməkdaşlıq modelləri formalaşır və praktiki nəticələr verir.
Sonda tərəflər AGTL üzvləri ilə Food City Agrocomplex MMC arasında əməkdaşlığın davamlı əsaslar üzərində inkişaf etdirilməsi, üzv şirkətlərin agrokompleksin təqdim etdiyi imkanlardan daha səmərəli istifadə etməsi və qarşılıqlı faydaya əsaslanan uzunmüddətli tərəfdaşlıq modelinin qurulması istiqamətində razılıq ifadə ediblər.


