- 15.09.2023 11:36
Baş nazirdən iki xəstəliklə bağlı qərar
İxtioz və bullyoz epidermolizli xəstələrin qeydiyyatı aparılacaq, həmin şəxslərin daim nəzarətdə saxlanılması üçün onların vahid elektron reyestri yaradılacaq.
PROSES.AZ APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “2023-2027-ci illər üzrə ixtioz və bullyoz epidermoliz xəstəliklərinin müalicəsinə və profilaktikasına dair Tədbirlər Proqramı”nın təsdiq edilməsi haqqında” sərəncamında əksini tapıb.
Sərəncamda qeyd edilib ki, ilk növbədə ixtioz və bullyoz epidermolizə qarşı mübarizə tədbirlərinin koordinasiyası aparılmalı, bu sahədə tərəfdaş olan müəssisə və təşkilatlar müəyyən edilərək işgüzar əlaqələr yaradılmalıdır. Bununla əlaqədar tərəfdaş müəssisə və təşkilatlar arasında icra sahələrinin bölgüsü aparılacaq, hər rübdə bir dəfədən az olmayaraq və ehtiyac olduqda əlavə olaraq onların iştirakı ilə iclaslar təşkil olunacaq və müzakirələr nəticəsində aşkar olunan problemlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.
İxtioz və bullyoz epidermolizli xəstələrin qeydiyyatının aparılması, həmin şəxslərin daim nəzarətdə saxlanılması üçün onların vahid elektron reyestri yaradılmalıdır. Vahid elektron reyestrin yaradılması üçün qanunvericilikdə dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlanacaq, həmin reyestrin təşkili və fəaliyyətinin təmini ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək.