PROSES.AZ

XƏBƏR SAYTI

Polisi döydüyü üçün mandatını itirən Eldəniz Səlimova hökm oxundu

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Milli Məclisin keçmiş deputatı Eldəniz Səlimovun cinayət işi üzrə iclası davam etdirilib.

Musavat.com xəbər verir ki, Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesə yenə də jurnalistlər buraxılmayıb.

Məhkəmə bu gün hökmü elan edib. Hökmə əsasən sabiq deputat 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Milli Məclisin deputatı E.Səlimovun polis əməkdaşına xidməti vəzifələrinin icrası zamanı zor tətbiq etməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

İstintaqla qeyd edilən tarixdə E.Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Daha sonra cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 88 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.