PROSES.AZ

XƏBƏR SAYTI

Avtomobilini magistral yolda sürmək üçün 12 yaşlı oğluna verən ata DANIŞDI – VİDEO

Ölkəmizdə yetkinlik yaşına çatmayanların sükan arxasına keçib avtomobil idarə etməsi kimi hadisələr bu gün də ara-sıra müşahidə edilir.

Belə hallara regionlarda və paytaxtın hərəkət intensiv olmayan bir sıra küçələrində, şəhərətrafı ərazilərdə rast gəlmək olur.

Zaman-zaman bəzi orta ümumtəhsil məktəblərində oxuyan yuxarı sinif şagirdlərinin məktəbə avtomobillə gəlməsinə dair məlumatlar da eşidirik.

Təhlükəsizliyin təmin olunması üçün yol polisi əməkdaşları tərəfindən təhsil müəssisələrində də tez-tez maarifləndirici tədbirlər keçirilir. Lakin görünən odur ki, bəzi valideynlər azyaşlıların və məktəblilərin sükan arxasına keçməsi hallarına ciddi nəzarət etmirlər.

Bu kimi faktlarda qanunvericiliyin tələbi nədir?

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi polis polkovnik-leytenantı Namidan Piriyevə müraciət etdik.

Proses.az-ın məlumatına görə, “oxu.az”a açıqlama verən N.Piriyev bildirib ki, bu yaxınlarda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən videomüşahidə kameraları vasitəsilə yollara nəzarət zamanı Bakı-Qazax yolunda hərəkətdə olan VAZ-21723 markalı nəqliyyat vasitəsi diqqət çəkib.

Belə ki, sükan arxasında azyaşlının olduğuna dair şübhələr yaranıb və həmin avtomobil Kürdəmir rayonu ərazisində yerləşən stasionar postda yol-patrul xidməti əməkdaşları tərəfindən dayandırılıb. Məlum olub ki, avtomobili, həqiqətən, 12 yaşlı uşaq idarə edib.

Uşağın atası ilə profilaktik söhbətlər aparılıb və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Valideyn özü də yol verdiyi əməldən peşmanlığını ifadə edib.

Namidan Piriyev qeyd edib ki, sürücülük hüququ olmayan, eləcə də yetkinlik yaşına çatmayan uşaqların sükan arxasında əyləşməsi ilə bağlı faktlara, təəssüf ki, hələ də rast gəlirik:

“5 dekabr tarixində Gəncə şəhərində iki nəfərin ölümü, üç nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş vermişdi.

Həmin qəzada da 16 yaşlı məktəbli sürücülük hüququ olmadan sükan arxasına keçərək avtomobili idarə etmiş, nəticədə özü ilə yanaşı yolu keçməyə çalışan 13 yaşlı piyadanın həyatına son qoymuş və avtomobildə olmuş digər üç gənc sərnişin də ciddi xəsarətlər almışdı.

Bütün bu məlumatlar ictimailəşdirildiyi halda yenə də azyaşlı uşaqlarına sükan arxasına keçməyə icazə verən valideynlər var.

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, yeniyetmə məktəblilərin müxtəlif vasitələrdən istifadə edərək bəzən gizlin, bəzən də valideynlərinin xəbəri ola-ola avtomobil sürməsi halları qalmaqdadır.

Bəzi valideynlər özləri övladlarına avtomobil idarə etməyi öyrətdiklərini, onların hər şeyə “hazır” olduqlarını zənn edir, amma yol hərəkəti qaydalarını bilməyən uşaqlarının ekstremal durumlarda aciz qalacaqlarını, məsələnin nə qədər ciddi olduğunu unudurlar.

Bir uşağın avtomobil sürmək həvəsi həm özünün, həm də valideynlərinin arzularını yarıda qoya bilər. Belə hallara qətiyyən yol vermək olmaz.

Bu əməllər qanunla qadağan olunur, məsuliyyət yaradır və eyni zamanda bütün hərəkət iştirakçıları üçün ciddi təhlükə deməkdir. Bir daha valideynləri övladlarını nəzarətsiz qoymamağa çağırırıq”.

 74 ümumi baxış sayı,  6 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.