PROSES.AZ

XƏBƏR SAYTI

Əli İnsanov Prezident Administrasiyasına ÇAĞIRILDI

Sabiq səhiyyə naziri, Haqq Ədalət Partiyasının sədri Əli İnsanov 16 ildən sonra Prezident Sarayına gəlib.

Modern.az xəbər verir ki, bu barədə keçmiş nazirin özü bildirib:

“Dekabrın 15-də, Azərbaycan Respublikasının Prezident Sarayında Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri cənab Ədalət Vəliyevlə görüşdüm.

2 saata qədər davam edən, qarşılıqlı anlaşma şəraitində keçən görüşdə dövlətimiz və xalqımız üçün vacib olan bir sıra məqamları geniş müzakirə etdik”.

Ə.İnsanov deyib ki, Ədalət Vəliyev Haqq Ədalət Partiyasının dövlət qeydiyyatına alınması münasibətilə onu təbrik edib və partiyaya gələcək fəaliyyətində uğurlar arzulayıb:

“Mən dəvət və təbrik üçün təşəkkürümü bildirdim və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşə hazır olduğumu bir daha dilə gətirdim.

Prezident Sarayında mənimlə qarşılaşan hər kəsin göstərdiyi hörmət və ehtirama görə ayrıca təşəkkürümü bildirirəm”.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

 

2016-cı il avqustun 24-də Ə.İnsanovun barəsində Cinayət Məcəlləsinin (CM) üç maddəsi ilə yeni ittiham irəli sürülüb. Sabiq nazir CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama), 315.2-ci (hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə müqavimət göstərmə, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı belə zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, bu maddədə göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi, eyni əməllər təkrar törədildikdə) maddələri ilə ittiham olunub.

 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan sabiq nazir apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ə.İnsanovun apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb. Daha sonra sabiq nazir kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

Əli İnsanov Prezidentin 16 mart 2019-cu il tarixli əfv sərəncamı ilə azadlığa buraxılıb.

Sabiq nazir azadlığa çıxandan sonra siyasi fəaliyyətə başlayıb və Haqq Ədalət Partiyası (HƏP) yaradıb.

21 oktyabr 2021-ci il tarixində Ədliyyə Nazirliyi Haqq Ədalət Partiyası dövlət qeydiyyatına alıb.

 78 ümumi baxış sayı,  6 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.