PROSES.AZ

XƏBƏR SAYTI

Həbsxanada vəfat edən Rəfael Cəbrayılovun qardaşı barədə araşdırma aparılır

Mərhum deputat Rafael Cəbrayılovun cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Sonuncu prosesdə sabiq deputatı müflis edən, onun həbsinə səbəb olmaqda ittiham olunan qardaşı Elşən Cəbrayılov ifadə verib.

Musavat.com xəbər verir ki, məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub.

Elşən Cəbrayılov ifadəsində əvəllər tikinti biznesi ilə məşğul olduğunu, hazırda isə bu sahədən uzaqlaşdığını deyib.

O bildirib ki, onlara məxsus “Dərhal” tikinti şirkəti 2002-ci ildə yaradılıb, 2015-ci ildən isə fəaliyyəti dayanıb.

Mərhum qardaşının ondan 17 yaş böyük olduğunu deyən Elşən Cəbrayılov bildirib ki, bəzi zərərçəkmişlərin əllərində “Dərhal” MMC-dən mənzil, obyekt almaq üçün pul ödəmələri barədə müqavilələr var. Həmin müqavilələrə də şirkətin rəhbəri kimi Elşən Cəbrayılov imza atıb. Zərərçəkmişlər iddia edir ki, pulunu ödəsələr də, əmlaklarını ala bilməyiblər.

60 min dollar pul ödədiyini iddia edən Bəşir Məmmədov barədə sualı cavablandıran Elşən Cəbrayılov bildirib ki, Bəşir Məmmədov əslində, mənzil almaq üçün pul verməmişdi.

“Bəşir qardaşıma sələmlə pul vermişdi. O pulu verməsi üçün də sözügedən müqavilə yazılıb, onun yanında girov qoyulmuşdu. Qardaşım pulunu qaytardı, mənə də bu barədə dedi. Ondan sonra o müqaviləni cırdı. Sən demə, o biri tərəf müqaviləni saxlayıb, 12 ildən sonra iddia irəli sürdü ki, guya şirkətdən nəsə almaq üçün pul verib. Mən Bəşir adlı o adamın üzünü də görməmişəm”- deyən Elşən Cəbrayılov zərərçəkmiş qismində tanınan Şəfa Məmmədova, Məlahət Qurbanova, Sülhiyyə Məmmədovanı tanımadığını söyləyib.

Məlum olub ki, Rəfael Cəbrayılovun cinayət işindən daha bir iş ayrılaraq, Elşən Cəbrayılov haqqında araşdırma aparılması üçün Nərimanov rayon Polis İdarəsinə göndərilib.

Elşən Cəbrayılovun dindirilməsi növbəti məhkəmə iclasında da davam edəcək.

Xatırladaq ki, sabiq deputatın hüquqi varisi olan xanımı Aidə Cəbrayılova istintaqın gedişindən narazı olduğunu, həyat yoldaşına qarşı haqsızlıq edildiyini bildirib.

Söyləyib ki, mərhum ərinin dələduzluqda ittiham olunması əsassızdır. Mərhum ərinin 3 dəfə deputat seçildiyini deyən A.Cəbraylkova belə bir ittihamı qəbul etmədiklərini söyləyib: “Yoldaşım xalqına, dövlətinə xidmət edən biri olub. Belə olmasaydı, 3 dəfə deputat seçilərdimi?

Rəfael Cəbrayılov prokurorluq orqanlarında çalışıb. Buna baxmayaraq keçmiş həmkarları ona qarşı istintaq zamanı ciddi pozuntulara yol veriblər. Buna görə də iş istintaqa qaytarılmalı, yenidən araşdırmalıdır”.

Məlumata görə, Rəfael Cəbrayılovun cinayət işində ümumilikdə 11 nəfər zərərçəkmiş var. Sabiq deputatın həmin şəxslərə ümumilikdə 2 milyon 571 min manat borcu yaranıb.

Zərərçəkənlər arasında “Şərur-İnşaat” tikinti şirkətinin rəhbəri, “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov da var. İ.Axundov bildirib ki, keçmiş deputat ondan 200 min manat pul alıb. İş adamının sözlərinə görə, Rəfael Cəbrayılov ona deyib ki, Milli Məclisin keçmiş sədri Oqtay Əsədovla şərikli inşaat biznesi ilə məşğul olur.

Başqa bir zərərçəkmiş – həkim stomatoloq Sülhiyyə Məmmədovadır. O, “Dərhal” MMC-nin inşa etdiyi 5 mərtəbəli binalardan birindən 150 min manat dəyərində qeyri-yaşayış sahəsi almaq istəyib. Bu məqsədlə deputata və qardaşlarına pul versə də nə əmlak ala bilib, nə də pulunu geri qaytara bilib. Bu səbəbdən də Rəfael Cəbrayılovdan şikayətçi olub.

Rəfael Cəbrayılov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.

Əvvəlki məhkəmə proseslərində Rafael Cəbrayılov bəzi epizodlar üzrə qardaşı Elşən Cəbrayılovu ittiham edirdi. Hətta sabiq deputat qardaşını “şərəfsiz” adlandırmışdı. Rafael Cəbrayılov istintaqdakı ifadəsində də göstərmişdi ki, bina tikintisinə və mənzillərin satışına qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Sabiq deputat ifadəsində qeyd etmişdi ki, 2000-ci ildə prokurorluq orqanında işlədiyi üçün kommersiya fəaliyyəti ilə məşğul ola bilməyib. Ona görə də qardaşı Elşən Cəbrayılovun adına “Dərhal” MMC təsis edib. MMC Bakıda bina tikintisi ilə məşğul olub. İlk iş olaraq da “Şərq Bazarı”nın yanında bina inşa ediblər.

Daha sonra Yasamal rayonu ərazisində bina tikiblər. 2007-ci ildə deputat olduğunu deyən Rafael Cəbrayılov söyləyib ki, həmin ildən Mehdiabad qəsəbəsində “Binəqədi Gənclər Şəhərciyi” layihəsi kimi 12 çoxmərtəbəli bina tikməyə başlayıblar.

R.Cəbrayılov söyləyib ki, binaların sayı sonradan 23-ə çatdırılıb. Layihə üçün pullar “Azəriqazbank”dan götürülüb və tam ödənilib.

Rafael Cəbrayılov ifadəsində göstərib ki, tikintiyə və satışa qardaşı Elşən Cəbrayılov nəzarət edib.

Yaranan borclardan danışan R.Cəbrayılov deyib ki, binaların inşası üçün dostlarından dəfələrlə borc pul alıb. Bəzən isə faizə də pul götürüb.

 83 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.