PROSES.AZ

XƏBƏR SAYTI

Bakıda 130 yaşlı bina qəzalı vəziyyətdədir – Fotolar

“Yaşadığımız binanın yaşı 130-u ötüb. Artıq uzun illərdir ki, qəzalı vəziyyətdədir. Buna baxmayaraq, binada yaşayışın təhlükəli olması ilə bağlı heç bir tədbir görülmür”.

Bu şikayətlə “Qafqazinfo”ya Bakı şəhəri Xətai rayonu, 8 Noyabr prospekti, 80 ünvanında yaşayan İbrahim Məmmədov müraciət edib.

Onun sözlərinə görə, 2 mərtəbəli bina 1890-cı illərdə inşa edilib. O vaxtdan bir neçə dəfə təmir olunsa da, istismar müddəti başa çatıb: “130 ilin binası necə olar? Bakıda 50-60-cı illərin binalarını köhnə olduğuna görə sökürlər, amma bizim binaya baxan yoxdur. Yağış yağanda başımıza tökülür, evdə hərəkət etmək belə təhlükəlidir. 16-17 ailə bu vəziyyətdə yaşayır. Qəzalı binada bir gün ölüm halının olması qaçılmazdır. Aidiyyəti qurumlar gözləyirlər ki, ölüm olsun, sonra bizim işimizə əncam çəksinlər”.

Şikayətçi iddia edir ki, yaşadıqları binanın qəzalı vəziyyətdə olması ilə bağlı dəfələrlə Xətai Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Nazirlər Kabinetinə və digər aidiyyəti dövlət orqanlarına müraciət olunub. Bir neçə dəfə əraziyə baxış keçirilib və sənədləşmə aparılıb. Tezliklə köçürüləcəkləri deyilsə də, hələ də köçürülmələrindən xəbər yoxdur.

Şikayətlə bağlı Xətai Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan “Qafqazinfo”ya həmin ərazi ilə bağlı şikayətin araşdırıldığı və mütəxəssislərin rəyinin alındığı bildirilib: “Sözügedən ünvanda 13 ailə yaşayır. Təxminən bir həftə əvvəl əlaqədar təşkilatlara ətraflı şəkildə müraciət olunub. Həmçinin Fövqəladə Hallar Nazirliyi tərəfindən əraziyə yerində baxış keçirilib. Qərar verilib ki, bina kəskin qəzalı binadır. Ona görə də tez bir zamanda, yəqin ki, yaxın günlərdə onunla bağlı qərar veriləcək. Həmin qərar nə olacaqsa, tərəfimizdən icra olunacaq”.






 162 ümumi baxış sayı,  18 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.