- 30.09.2023 11:27
Könlü balıq istəyən… Balıq bazarında qiymətlər

Havaların soyuması ilə bərabər balığa tələbat da xeyli artıb. Proses.az-ın əməkdaşı olaraq qiymətlərlə yerində tanış olmaq üçün “8ci kilometr“ bazarında olduq.
Satıcılardan qiymətləri öyrəndik.. Kütüm 14-15, Qızılxallı (forel) 11-12, Xəzər külməsi (Vobla) 4, Dorado 14-15, Naxa 12, Xanı 6, Sazan 7, Sudak 13-15, Ağ Amur (Belamur) 10, Kilkə 2.5, Qızıl balıq 28-30 manat qiymət aralığında almaq olar. Qiymətlər dəniz balığı, çay və ya vətəgə balığı olmağından aslı olaraq dəyişir. Belə ki dəniz balığı daha təbii şəraitdə böyüdüyü üçün ona tələbat da çoxdur. Ona görə də göl, çay və vətəgə balıqlarının qiyməti dəniz balığından 2-3 manat aşağı olur.
Satıcı Samir bəylə söhbətimizdən məlum oldu ki, böyük balıqlar əsasən xarici ölkələrdən gətirilir. Azərbaycanda qurulan vətəgələr daha çox kiçik balıqları yetişdirməyə imkan verdiyi üçün böyük balıqlar xaricdən idxal olunur. Bazarda yalnız “ziyad” balığını görə bilmədik. Samir bildirdi ki, havalar bir az soyuduqdan sonra o balığı da piştaxtalarda görmək mümkün olacaq. Satıcının fikrincə, qiymətlər sabit qalsa da, tək qiyməti “oynayan” “ziyad” balığıdır. Bəzən 15 manat olur, bəzən də 10 manat: “Bir də “ziyad” qədər bahalı “xəşəm”dir. Onların da kiloqramı 15 manatdır. Ən bahalı balıqlar isə “bölgə” və “qızıl balıq”dır. Bu balıqlar İrandan gəlir. Məsələn, “qızıl balıq” 30 manatdır. İrandan gələn “bölgə” isə 35-38 manata satılır”.
Satıcılar onu da qeyd etdi ki əvvəllər balıqdan palçıq dadı gəlirdi, belə ki əvvəl vətəgələrin sahəsi dar olurdu, balıqlar yaxşı şəraitdə bəslənmirdi. Sonradan idxalın artması rəqabətə davam gətirməyi tələb etdi. Ona görə yerli istehsalçılar da vətəgələrin sahəsini genişləndirməyə məcbur oldu. Buna görə də, artıq vətəgə balıqları da dəniz balıqları qədər dadlı olur.
Bir məsələni da qeyd edək ki, Azərbaycanın ən böyük su anbarlarından biri olan Sərsəng su anbarının Qarabağda həyata keçirdiyimiz antiterror tədbirlərindən sonra terrorçulartdan azad olunması da balıq istehsalının xeyli artımına səbəb olacaq. Çünki Sərsəng su anbarı təkcə Elektrik enerjisi istehsalı və ətraf ərazilərin suvarılması üçün əhəmiyyətli deyil. Su anbarının həm də böyük balıqçılıq potensialı var. Yəqin ki, zamanda bazarlarda Sərsəng su anbarından tutulan balıqları da görəcəyik.
Rəhman Bayramov,
Proses.az