- 03.10.2023 20:12
DTX-nın Bakıya gətirdiyi Arkadi Qukasyan KİMDİR? – DOSYE
Xəbər verdiyimiz kimi, Qarabağdakı separatçıların keçmiş “prezident”i Arkadi Qukasyan törətdiyi cinayət əməllərinə görə barəsində aparılan cinayət işləri üzrə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılaraq Bakıya gətirilib.
Musavat.com xəbər verir ki, Arkadi Qukasyanla yanaşı Bako Saakyan (2007-2020), “Daşnakasutyun”partiyasının “Qarabağ təmsilçisi” və separatçı rejimin keçmiş parlament sədri David İşxanyan da saxlanılaraq Bakıya gətirilib.
Musavat.com Arkadi Qukasyanın dosyesini təqdim edir.
Arkadi Qukasyan 22 iyun 1957-ci ildə Xankəndidə anadan olub. O, 8 sentyabr 1997-ci ildə “Qondarma Dağlıq Qarabağ” Respublikasının ikinci “prezident”i seçilib və 2002-ci ildə yenidən seçilib. Onun “preziden”tlik müddəti 7 sentyabr 2007-ci il tarixində başa çatıb.
1979-cu ildə İrəvan Dövlət Universitetinin dilçilik fakültəsini bitirib. İşçi karyerasına 1981-ci ildə baş redaktor müavini vəzifəsinə başladığı, “Sovet Dağlıq Qarabağ” qəzetinin müxbiri kimi çalışıb.
1991-ci ildə Arkadi Qukasyan Dağlıq Qarabağ Respublikasının ilk “parlament”inə “depuat” seçilib. 1992-ci ilin sentyabr ayında “Dövlət Müdafiə Komitəsi”nin sədri təyin olunub və ATƏT-in Azərbaycanla görüşləri zamanı “Dağlıq Qarabağ”ın “nümayəndə heyətləri”nə rəhbərlik edib.
1993-cü ildən “Dağlıq Qarabağın Təhlükəsizlik Şurası”na üzv olub. 1993-cü il iyulun 23-də “Dağlıq Qarabağ Respublikası”nın ilk “xarici işlər naziri” olub.
2000-ci ildə sui-qəsd cəhdindən sağ çıxıb.
Qukasyan bir neçə dəfə ölkəmizə qarşı əlavə ərazi iddiaları ilə çıxş etmişdi. O çıxışlarının birində bildirir: “Bakı ordumuzun gücünü yaxşı bilir və başa düşür ki, müharibə bərpa olunarsa, Azərbaycan yeni əraziləri itirə bilər”.