- 20.10.2023 15:00
NATO onların görüşməsindən narahatdır
Putinlə Orbanın görüşü NATO-da narahatlıq yaradıb.
Publika.az xəbər verir ki, NATO üzvlərinin Macarıstandakı səfirləri Macarıstan lideri Viktor Orbanın Rusiya prezidenti Vladimir Putinlə Pekində keçirdiyi görüşdən irəli gələn problemləri müzakirə etmək üçün Budapeştdə bir araya gəliblər. Bu barədə “Bloomberg” nəşri məlumat yayıb.
Qeyd edək ki, Orban Putinin barəsində beynəlxalq “həbs” orderinin verilməsindən sonra onunla görüşən ilk Avropa lideridir. Məlumata görə, Macarıstanın baş naziri Rusiya ilə enerji sazişləri imzalamaqla, Ukraynaya yardımı məhdudlaşdırmaqla və Aİ-ni Moskvaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv etməyə açıq şəkildə çağırmaqla Qərbin birliyini pozub.
“Biz Macarıstanı müttəfiq hesab edirik, lakin eyni zamanda onun Rusiya ilə münasibətlərini dərinləşdirdiyini görürük”, – ABŞ səfiri Devid Pressman deyib. O əlavə edib ki, NATO müttəfiqləri, həmçinin İsveç Macarıstanın Rusiya ilə əlaqələrinin təhlükəsizliyindən narahatdır.