- 21.12.2023 10:17
Xankəndidə Zəfər matçı
Bu gün Qarabağın mərkəzində silah deyil, “qol” səsləri eşidiləcək
Xankəndi bu gün həmişəkindən daha doğma, daha əziz gəlir bizlərə… Çünki illər sonra istəyinə qovuşub, əsl sahiblərinin himayəsinə qayıdıb xanın kəndi…
Bu qədim şəhərimiz indi başqa bir təbiətlə, dağlarının, daşlarının gözəl bir görkəmi ilə əzizlərinin yolunu gözləyir…
Əlbəttə ki, doğma ağuşa qayıdan Xankəndi bu sevinci elə əbədi də yaşayacaq. Çünki Müzəffər Ali Baş Komandan İlham Əliyevin burada qaldırdığı üçrəngli bayrağımız bir daha enməyəcək. O bayraq təkcə bir dövlət rəmzimiz deyil, həm də hər birimiz üçün qürur, ləyaqət, qeyrət simvoludur.
Nə xoşbəxtik ki, bu möhtəşəm tarixin şahidi olan nəsilik. Bundan böyük sevinc, böyük fərəh ola bilməz.
Xanın kəndi futbolçulara qucaq açır
İndi bu yurd yerlərimizdə həyat qaynayır. Bir vaxtlar düşmən tapdağında inləyən torpaqlarımızda misli görünməyən quruculuq işləri aparılır. Yurd həsrəti ilə alışıb-yanan keçmiş məcburi köçkünlərimiz dogma el-obalarına qayıdırlar. Hər gün ölkəmizin müxtəlif ərazilərindən Qarabağ və Şərqi Zərgəzura köç karvanı yola düşür.
Bir sözlə, Müzəffər sərkərdəmiz İlham Əliyevin yenidən qurduğu Qarabağ və Şərqi Zəngəzur cənnətməkana çevrilir.
Bu gün – 21 dekabr 2023-cü ildə isə Xankəndidə daha bir möhtəşəm tarixi an yaşanır. Xankəndi şəhər stadionunda Azərbaycanı həm də futbol yarışlarında dünyaya tanıdan, Avropa kuboklarında tarix yazan Ağdamın “Qarabağ” klubu möhtəşəm matç keçirəcək. Azərbaycan kubokunun 1/8 finalında “Qarabağ” və MOİK komandaları üz-üzə gələcəklər.
Xanın kəndi bu dəfə futbolçulara qucaq açır. Son 35 ildə ilk dəfə Azərbaycan futbol komandalarının məhz Xankəndidə oyuna çıxması möhtəşəm dirçəlişin təzahürü kimi dünyaya səs salır. Qarabağda silah deyil, “qol” səsləri eşidilir.
Bu həm də Azərbaycana pis gözlə, düşmənçilik təfəkkürü ilə baxanlara bir mesajdır. Elə bu səbəbdən Xankəndi şəhər stadionunda keçiriləcək “Qarabağ” – MOİK matçı təkcə bir idman hadisəsi deyil. Onun siyasi əhəmiyyəti, siyasi yükü də olduqca böyükdür.
Bu qarşılaşma Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi qələbənin təzahürü, onun dünyaya növbəti sülh mesajıdır. Azərbaycanın Zəfərinin göstəricisidir. Xankəndi şəhərində Dövlət bayrağını ucaldarkən Müzəffər Ali Baş Komandanın dediyi kimi, biz bu qələbəyə layiqik. Çünki Azərbaycan xalqı bu qələbəni öz qanı, canı bahasına əldə edib.
Stadion matça hazırdır
Son 35 ildə ağır məhrumiyyətlərdən, çətinliklərdən, sınaqlardan çıxaraq addım-addım əbədi bərqərar olduğumuz qələbə zirvəsinə yetmişik. Bu gün keçiriləcək “Qarabağ” – MOİK oyununun bu baxımdan nə qədər böyük anlam daşıdığını təsəvvür etməmək mümkün deyil. Bu oyun bir daha onu təcəssüm etdirir ki, Azərbaycan təkcə iqtisadi, hərbi, siyasi baxımdan deyil, həm də idman sahəsində də inkişaf etmiş ölkələr sırasında addımlayır.
Xatırladaq ki, Xankəndi stadionunun inşasına 1955-ci ildə başlanılıb və 1956-cı ildə istifadəyə verilib. Stadion ilk dəfə İosif Stalinin, bir neçə il sonra isə Stepan Şaumyanın adını daşıyıb. 1991-ci ildə şəhərin tarixi adı qaytarıldıqdan sonra “Xankəndi şəhər stadionu” adlandırılıb. SSRİ dövründə stadionda “Qarabağ Xankəndi” futbol klubu ev oyunlarını keçirib. Xankəndi separatçılardan təmizləndikdən sonra stadionda aparılan təmir-bərpa işlərindən sonra qondarma rejimin “bayrağ”ının rənglərində olan oturacaqlar zibilliyə atılıb. Həmçinin ötən əsrdən qalan işıq dirəkləri yığışdırılıb, stadion müasir tələblərə cavab verən formada qurulub.
Qarabağın Azərbaycan olduğu idman dili ilə bütün dünyaya çatdırılır
Bəlkə də kənardan baxanlara bu gün keçiriləcək, “Qarabağ” – MOİK oyunu adi bir idman hadisəsi kimi gələ bilər. Amma hər bir azərbaycanlı üçün bu oyun kökü 200 il əvvələ gedən və neçə-neçə nəslə acı talelər yaşadan bir problemin kökündən həllinin daha bir göstəricisdir. Şəhidlərimizin ruhunun sakitliyinin, qazilərimizin dərdlərinin əlacıdır, həm də ucalığımızın bir başqa mərtəbəsidir. Ürəkdən gülməyimizin, vurulan qollara sevinə bilməyimizin səbəbidir, bu torpaqların sahibi olduğumuzun nümayişidir.
Xankəndinin mərkəzində Azərbaycan bayrağının dalğalanması kimi, bu şəhərin stadionunda futbolu seyr etmək də böyük xoşbəxtlik və tarixi hadisədir. Elə bu oyun da Ermənistan və onun havadarlarının mövcud reallığı qəbul etməkdən başqa yollarının olmadığını çox açıq şəkildə ifadə edir.
Ermənistanın baş naziri bir vaxtlar Xankəndi şəhər stadionunda çıxış edərkən təkəbbürlə deyirdi: “Qarabağ Ermənistandır və nöqtə”. Amma Prezident İlham Əliyev onu dediklərindən dönməyə, “Qarabağ Azərbaycandır və nida” deməyə vadar etdi.
Xankəndi stadionunda “Qarabağ” – MOİK oyunu da Qarabağın Azərbaycan olduğunu idman dili ilə bütün dünyaya çatdırır. Təkcə Azərbaycan xalqı yox, həm də bütün dünya idman uğurlarımızı artıq Xankəndidə də izləyəcək. Bu şəhərin, bütün Qarabağın Azərbaycan olduğunu bir daha təsdiqləyir. O səbəbdən “Qarabağ” – MOİK oyunu adi idman hadisəsi deyil, həm də dünayaya çox açıq mətnlə verilən mesajdır.
Tarixi ədaləti, milli ləyaqətini bərpa edən, düşmənə yerini göstərən Azərbaycan indi yeni zəfərlərə imza atır. Bu uğurlara imza atanlar sırasında idmançılarımız, futbolumuz, daha dəqiq desək, “Qarabağ”ımız da yer alır.
Elçin CƏFƏROV,
“Azərbaycan”