- 21.12.2023 18:20
“Ponemayeş, mən onu görəndə frii ola bilmirəm…” – Atamı alçaldan rusdillilər
Proses.az Faiq Xudanlının “Simfonik orkestrin səsi” adlı yeni yazısını təqdim edir.
1991-ci ilin yayı… İlk dəfə şəhərə onda gəlmişdim… Nəsə xəstəliyim vardı, unutmuşam, amma qonaqladığımız evi yaxşı xatırlayıram.
Bakıya Horadizdən qatarla yola düşmüşdük.
Möcüzəvi qatar… Düzdür, səsinə gec alışdım, ancaq sonra o takka-turuku nəğməyə çevirdim: Gurrut-qurrut, gurrut-qurrut ssşşş, gırrut-qurrut, gurrut-qırrut ssşşş, tırrıq-tırruq, tırrıq-tırruq, tsşuuu… – Qatarın səsini olduğu kimi çıxartmaq üçün ağzımı, gözümü əysəm də, alınmırdı.
Necə, nə vaxt yatmışdım, bilməmişdim… ta ki, “çatdıq, düş” demişdi atam, mən də ayılmışdım, mürgülü-mürgülü Bakıya, şəhərin adamlarına baxmışdım, heyrətlənmişdim.
****
O vaxt ayrıca uşaq kanalları, bolluca uşaq filmləri, çizgi filmləri yox idi.
Olanların da çoxu rusca idi.
Rus dilinə isə nifrət edirdim.
O dildə heç nəyə baxmaq istəmirdim.
Niyəsini bilmirəm…
Ən böyük arzularımdan biri ayrıca uşaq verilişləri, cizgi filmləri verilən kanalın olması idi.
Hər axşam “Lay-lay” verilişini səbrsizliklə gözləyirdim.
Öz dilimizdə danışacaqdılar, öz dilimizdə cizgi filmi göstəriləcəkdi…
Bəzən özüm də inanmıram, ancaq belə idi, belə olub.
Bir də hər şənbə günü gecə yarısı özümü yuxuluğa vururdum, yorğanın altından kinoya baxırdım.
Filmin əvvəlində aktyorların, rejissorun adı çəkilirdi, o səsə diqqətlə qulaq asırdım.
Dilimdə qüsur vardı deyə, aparıcının gözəl, musiqili danışığına heyran olurdum.
Başa düşməsəm də, intonasiyanın harmoniyası məni dinləməyə məcbur edərdi.
Ancaq bir gün özümü yaman ələ verdim.
Hind kinosu gedirdi. Filmin sonunda hönkürtü ilə ağladım. Bizə qonaq gələn dayım yorğanı üstümdən çəkdi, xeyli güldü, üstəlik mənə lağ elədi.
Mən isə ağlayırdım.
Dayımın hərəkəti məni daha çox sarsıtmışdı.
O gündən sonra “Retro” verilişinə nənəmlə baxmağa qərar verdim. Çünki o da mənim kimi bəzən ağlayardı.
Elə olurdu ki, filmə sona kimi baxa bilmir, ardını yuxuda istədiyim kimi görürdüm.
Bax belə… belə olub… uşaqlığın möcüzəsi bu olsa gərək.
****
Hə, Bakıya, şəhərin adamlarına baxmışdım, heyrətlənmişdim.
Çox işıqlı binaya girdik, həyatımda bu qədər insanı bir yerdə görməmişdim.
Binanın gözəlliyi, vahiməsi tədricən canıma hopurdu.
Gurultulu, qarışıq, anlamadığım səslər, fərqli və qəribə insanlar… onların davranışı başımı gicəlləndirməyə başlayırdı.
“Ata, evimizə getmək istəyirəm…” – demişdim, eşitməmişdi, bəlkə də, özünü eşitməzliyə vurmuşdu.
Binaların nəhəngliyi, fərqli düzülüşü, ayaqlarımızın altında saysız çöl göyərçinləri və digər quşlar…
Belə bir mənzərəni televizorda görə, cizgi filmlərində, yaxud kinoda izləyə bilərdim, reallığına isə inana bilməzdim.
Göylərlə dağlar danışa bilər, buludlarla ağaclar… quşlar isə ya uçmalı, ya da ağacların budaqlarında, yarpaqların arasında ola bilər.
Biz ancaq təbiətin ecaskar simfonik orkestrinin səsini dinləyə bilərik.
Hər səhər tut ağacına boylanar, o ecazkar səsləri dinləyərdim. Olurdu ki, məktəbə başı yuxarı – fırlana-fırlana gedirdim.
İndi şəhərdəyəm, həmin quşlar ayaqlarıma dəyir, uçarkən az qala qanadları üzümə toxunurdu.
Onları tutmaq istəsəm də, cəsarətim çatmırdı. Tanımadığım, yad bir aləmə düşmüşdüm.
Tramvayda atamın qucağında oturmuşdum. Ona görə yox ki, yer yox idi, ona görə ki, atama sığınırdım.
Canım atamın qucağında, gözlərim Bakının küçələrində, hündür evlərində, ruhum isə öz evimizdə, həyətimizdə idi.
Xəyalıma tuta bilmədiyim çöl göyərçinlərini gətirir, sonra anasını itirən, hələ tükləri çıxmayan bülbülümü xatırlayırdım.
Onu hamıdan gizlin böyütmüşdüm. Sonra uçdu, ayrıldı məndən.
Hərdən yanıma gələrdi. Lap yaxınlığıma. Sakitcə onu izləyərdim, eləcə baxışardıq.
Sonra, sonra uçub gedərdi.
Bülbülüm üçün təzəcə darıxmağa başlamışdım ki, tramvaydan düşəsi olduq.
Əvvəllər adı “erməni kənd bazarı” olan, indiki Nəsimi bazarının yaxınlığında yerləşən dördbucaq, şifersiz evə, -atamın dayısı oğlugilə çatdıq.
İlk dəfə idi ki, belə dördbucaq, darısqal, həyəti olmayan bir ev görürdüm. Günəş işığı düşməyən, solğun işıqlı, amma gülər üzlü mehriban xanımlı bir ev.
Kənddən meyvə gətirmişdik. Bircə onlar doğma idi mənə bu evdə. Qoxusu sakitləşdirirdi…
Almanın biri ən azı, yarım kilo olardı.
İlk dəfə onları yeməyi rəva görmədim özümə, eləcə baxmaq, qoxusunu duymaq istəyirdim.
Onlar isə danışırdı, nəyisə müzakirə edirdi.
Xəyalən kəndə getmişdim yenə.
Səhər açıldı. Evdən çıxdıq. Həkimə getməli idik.
Artıq ağaclarımız, həyətimiz üçün darıxımağa başlamışdım.
Tramvayda bir sarı-boz qadın rus dilində nəsə aşağılayıcı sözlər deyirdi.
Onsuz da rus dilinə nifrət edirdim, o qadından sonra ruslara da nifrət etməyə başladım.
Mənim şəhərimdə atamı alçaltmaq…
Qəbul edə bilmirdim.
Qulağıma iynə kimi girən, mənasını anlamadığım “çuşki” sözü…
Sonra nə oldu yadıma gəlmir.
Hislərimlə deyə bilərəm ki, rus dilində bizi təhqir edirdilər.
Biri öz dilimizdə bizə “kəndçidilər” də dedi.
Heç nə, əlim təsadüfən qadının saçlarına toxunmuşdu.
Atamı duyurdum, içindən keçirdiklərini hiss edirdim.
Onlar azərbaycanlı olduğumuz, rus dilində danışmadığımız üçün əslində, bizi ələ salmaq istəyirdilər.
Əlimin təsadüfən onun saçına dəyməsi, sadəcə, bəhanə idi.
Paytaxta gəlişimiz onları incidirmiş məyər.
İnanın, inciyirdilər. Qəbul edə bilmirdilər. Azərbaycanlıları bu şəhərdə görmək istəmirdilər. İNANIN.
Həmin gecəni bir qərib ağrı ilə yatdım.
O gündən Ana dilimi daha çox sevdim. Çünki evimizi, həyətimizi, ağaclarımızı, quşlarımızı, suyumuzu, kəndimizi, rayonumuzu, nənə-babamı, ata-anamı, oynadığım uşaqları sevirdim.
Yaxşı danışa bilmədiyim üçün özümü qınayırdım.
Ancaq dilimizin, milli kimliyimizin təhqir olunması doğma dilimə məhəbbətimi daha da artırdı. O gündən, demək olar, dərsimi çığıra-çığıra oxuyurdum. Hamını bezdirsəm də…
Məqsəd dərsi öyrənmək yox, öz dilimdə daha ucadan danışmaq idi.
****
Sonralar çox şey dəyişdi.
İkinci dəfə Bakıya gələndə də ağlayırdım…
Bu dəfə nə Bakı əvvəlki Bakı, nə də ailəmiz əvvəlki idi. Əlində heç nəyi olmayan, taleyin ümidinə qalan bir ailə…
Sığındığımız ev şəhərdə gördüyüm ilk evdən daha miskin idi.
Gözəl olan o idi ki, çoxu mənim kimi danışırdı.
Amma paytaxtımız Bakını hər gün daha, daha çox sevdim, ruhu ruhuma işlədi. Bakı gözlərimin önündə böyüdükcə-böyüdü, dəyişdikcə-dəyişdi, nəhayət, indiki Bakı oldu.
Yeniliklər, gözəlliklər gətirdi zaman, amma təəssüf, Bakımızı ruhundan ayıran məsələlər də oldu…
****
İş elə gətirdi ki, o gün metro ilə getməli oldum.
Qızlardan biri digərinə: “Ponemayeş, mən onu görəndə frii ola bilmirəm…” – dedi…
O biri qız belə cavab verdi: “Ay qız, no komment. Mən mesta tebya bilirsən, neyniyərdim??? İnkeredibıl… Kak eta….”
Əsəblərim gərildi, düzü, həm də qorxdum ki, əlim qızın qara saçlarına dəyər… Yerimi dəyişdim.
Üç gənc oğlan və bir qız…
Oğlanlardan biri dedi: “Qaqaş, vot, onu görəndə edəcəm obisnit, feis to feis!”
Xanım: “Ne nada, onsuz da oni takii çuşki. Xeç neyi izmenit ede bilmeyeceksen…”
Digər oğlan: “Boş verin eee. Dünən muzukalnı şkolada idim. Bilirsən, necə kreativnıy rebyati tam. Dostlarımdı. İstəsəniz, feisdə sent edərəm baharsınız. O biri uşaqları da sisiyə qoyaram, prosta super!”
Xanım: “Yahşi, neduraçi da… Ele kreativ uşaqlar deyirsen ki… Amma deyim, proşlıy raz xemin uşaqların, prostu innovativ tulsdan heberleri yoh idi. Odin iz nix menim podruşkamın boyfrendidir, yahşi tanıyram dəə…”
Öz özümə “ala, bu nə situasiyadı ee, papal ya uje” – dedim. Özümü itirdim. Vaqondan, sonra metrodan qaçaraq çıxdım. Deyinirdim: “Mütləq gərək köhnə tanışlarla götüşüb özümü refreş eləməliyəm. Vay bə, bu dəfə lap dəli oldum….”
Nəhayət, çöldə idim.
Bu dəfə “o yes!” – deyib, dərin bir nəfəs aldım.
Dilimizin sərhədləri daralır.
İllərlə çığıraraq, sürünərək, ölərək dilimizi qoruyan şəhidlərimizin, yazarlarımızın, şairlərimizin çabası bihudəmi getmiş, ya Rəbb
Faiq Xudanlı