- 08.01.2024 14:45
Azərbaycanda bu ailələrə ev verilə bilər — AÇIQLAMA
“Çoxuşaqlı ailələrin mənzillə təmin edilməsi Milli Məclisdə müzakirə olunan məsələlər arasındadır. Dörd deyil, beş uşağı olan ailələrə ev verilməsi nəzərdə tutulur”.
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. O qeyd edib ki, 5 uşaqlı ailələrə həm də uşaq pulunun verilməsi məsələsi gündəmdədir:
“Düzdür, bu, kifayət qədər böyük vəsait tələb edir, amma növbəlilik prinsipi əsasında həllini tapması vacibdir. Tural Abbaslının müsahibəsi ilə tanışam, əlbəttə, söylənən təkliflərə münasibətim müsbətdir. Qeyd edim ki, məsələ müzakirə obyektindədir”.
Qeyd edək ki, Ağ Partiyanın sədri Tural Abbaslı “Reaksiya Tv”nin canlı efirində çoxuşaqlı ailələrə dövlət dəstəyinin göstərilməsinin vacibliyini qeyd edib. O, 4 uşağı olan ailələrə dövlət tərəfindən ev verilməsini təklif edib: “Bu adam 4 uşaq saxlayırsa, ona iki otaqlı ev vermək nə böyük şeydir ki?! Ay qardaş, ikiotaqlı ev gəlib 100 minə çıxır. 100 min manat nə deməkdir? Bizim kimi normal insanlar üçün bu rəqəm fantastikdir. 2023-cü ilin əhali sayında olan artıma baxın. Bir uşaqdan artıq uşaq dünyaya gəlmir. Uşaq pulu olmalıdır, ev verilməlidir, şərait yaradılmalıdır”.