- 20.03.2024 16:41
Mariya Stadnik: “Bunu hiss etməsəydim, güləşlə məşğul olmazdım” – VİDEO
“Biz fiziki hazırlıq üzrə toplanış keçmişik. Burada əsasən fiziki hazırlıq və güc üzərində çalışdıq”.
Bunu İdman.biz TV-yə açıqlamasında Azərbaycan milli komandasının güləşçisi Mariya Stadnik deyib.
50 kq çəkidə çıxış edən idmançı aprelin 5-7-də keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinə hazırlığını dəyərləndirib: “Özümü yaxşı hiss edirəm. Fiziki baxımdan normal formadayam. İndi hazırlığın sonuncu yekun mərhələsini keçirik. Bu, daha çox xalça üzərində olan toplanışdır. Biz məşq görüşləri keçirəcəyik. Öz formamızı yarışa hazır edəcəyik”.
Üçqat dünya və onqat Avropa çempionu 5-ci dəfə Olimpiadaya qatılacağına inandığını və bu yoldakı əsas rəqiblərini açıqlayıb: “Əlbəttə, lisenziya qazanacağımı hiss edirəm. Hiss etməsəydim, daha güləşlə məşğul olmazdım. Əsas rəqiblərim Avropa çempionatında olanlardır – ukraynalı, rusiyalı, belaruslu güləşçilər. Rəqiblər həmişə aqressivdir, çünki qalib gəlmək istəyirlər. Amma prinsipcə mən də buna hazıram. Avropa çempionatına getmişdik ki, özümüzü, öz gücümüzü bu yarış öncəsi sınayaq ki, indi turnirdə olacaq rəqiblərimizi hiss edək”.
Qeyd edək ki, Stadnik Yay Olimpiya Oyunlarında iki gümüş (London-2012 və Rio-de-Janeyro-2016) və iki bürünc (Pekin-2008 və Tokio-2020) medal qazanıb.