- 06.05.2024 14:12
Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”
“Əhməd Cavad ömrünü Azərbaycan xalqına həsr edib. Əlbəttə ki, o illər çətin dövrlər idi. Zamanın çətinliyinə baxmayaraq, öz həyatını Azərbaycan Respublikasının müstəqilliyi və azadlığı üçün qurban verib. Özünü ən yüksək zirvələrə ucaldıb. Onun adını yaşatmaq mənim üçün böyük qürurdur. Mən sovet illərində təhsil almışam. Hər dəfə müəllimlərim bütün uşaqları toplayıb deyirdilər ki, bu oğlan himnimizin sözlərinin müəllifi Əhməd Cavadın nəticəsidir. Uşaq idim, amma qürur duyurdum. Mən Əhməd Cavadın “Göygöl” şeirini sevirəm. Babam məhz həmin şeirə görə həbs olunmuşdu. “Ey əsgər” şeiri də Əhməd Cavad yaradıcılığının ən yaxşı şeirlərindəndir. 132 yaşına qədəm qoydu. Hər zaman onu dərin ehtiramla yad edirik. Onu bu gün nəinki ailəsi, bütün Azərbaycan yada salır, xatırlayır”.
Proses.az bildirir ki, bunu Moderator.az-a açıqlamasında Əhməd Cavadın nəticəsi Cavad Axundzadə deyib.
O, daha sonra nənəsi Şükriyyə xanımı xatırlayıb və onun acınacaqlı həyatından bəhs edib.
“Əhməd Cavadın adını daşıyıram. Bu adı mənə Şükriyyə nənəm verib. Hamı ona Əhməd Cavad deyir, amma ailəmiz ona Cavad baba deyib. Evdə Cavad babanın sevgisi ilə böyümüşük. Ailəmiz Şükriyyə nənəmin evində onunla birgə yaşayıblar. Həmişə çalışıram ki, nənəmin mənə verdiyi bu adı doğruldum. Uşaq olandan nənəm mənə Əhməd Cavadın şeirlərini sevdirib. Mənə “Cavad, Cavadım” deyə müraciət edirdi. Çalışırdı ki, çətin günlərindən danışmasın. Amma hadisələr yadına düşəndə xatırlamadan keçə bilmirdi. Əlbəttə ki, bu, onun üçün çətin idi. Bir dəfə Şükriyyə nənəmə sual verdim ki, Stalin kim olub? O zaman 12 yaşım var idi. Nənəm haldan-hala düşdü, nəfəsi sanki düyünləndi. Dedi ki, onun adını çəkmə! Həmin hadisə yadıma düşəndə hələ də özümü bağışlaya bilmirəm. Nənəm Qazaxıstanın Akmola düşərgəsinə sürgün olunmuşdu. Həmin düşərgədə repressiya olunmuş ailələrin qadınları saxlanılırdı. Ora əmək düşərgəsi idi. Nənəm bir gün qamış toplamağa gedir. Görür ki, qarın içərisində itlər nəyisə öz aralarında bölüşdürə bilmir, yemi bölə bilmirlər. Bir az qabağa gedən kimi görür ki, yeni doğulmuş körpə cəsədidir. Sən demə düşərgədə hansısa qadın çətin şərait içərisində ana olur. Az keçmir ki, körpə ölür. Nəzarətçilər də bu körpəni çölə tullayırlar. Həmin hadisədən nənəm çox sarsılır. Bu, onun sinir sisteminə də təsirsiz ötüşmür. Ona görə də Stalinin zülmündən danışmağı sevmirdi, haldan-hala düşürdü. Şükriyyə nənəm ömrünün son illərini Şəmkirdəki evində keçirdi. Yay tətillərində, xüsusi bayramlarda onun yanına gedib qalırdım. Onun kimi güclü qadının tərbiyəsini almaq mənə nəsib olub. O dünyasını dəyişəndə 13 yaşım var idi. Amma buna baxmayaraq, xatirələrim çoxdur. Çox ağır həyat yolu keçmişdi, ömrü boyu da haqsızlığa qarşı mübarizə aparmışdı. Nənəm sürgündə olanda 5 övladından uzaq düşür. O illərdə övladlarının hərəsi bir internata verilir. İkinci Dünya müharibəsi başlayanda böyük oğulları Niyazi və Aydın babam cəbhəyə yollanırlar. Kiçik oğulları Yılmazı da kənd camaatı böyüdür. Şükriyyə nənəm sürgündən qayıdan günədək Əhməd Cavadın uşaqlarına sahib çıxırlar”, – deyə Cavad Axundzadə bildirib.