- 08.05.2024 13:38
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu
Yunanıstanda diqqəti baş nazir Kiryakos Miçotakisin Ankara səfərinə yönəlib. Yunan mətbuatı iki ölkə arasında müsbət münasibətləri vurğulayıb, həmçinin Ərdoğanın bəyanatının “dostluqdan daha ötəsi” olduğunu qeyd edib.
Proses.az publika.az-a istinadən xəbər verir ki, Türkiyə ilə Yunanıstan arasında son illərdəki sıx təmas sayəsində əlaqələrdəki müsbət irəliləyiş davam edir. Hər iki tərəf mehriban qonşuluq münasibətlərinin tərəfdarı olduqlarını bildirir.
Yaxın günlərdə Türkiyəyə səfər edəcək Yunanıstanın baş naziri Kiryakos Miçotakis mayın 13-də Ankarada Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Ərdoğan Miçotakisin səfəri ilə bağlı açıqlama verib: “Yunanıstanın baş naziri cənab Miçotakis rəsmi səfər çərçivəsində Ankaraya gələcək. Biz də ikibaşlı Səlcuqlu qartalı kimi, Şərq və Qərblə münasibətlərimizi ümumi maraqlarımız əsasında inkişaf etdirməyin yollarını axtaracağıq”.
Ərdoğanın mesajı və Miçotakisin Ankara səfəri Yunanıstan mətbuatının diqqət çəkən manşetlərindən biri olub.
Yunanıstanın ən böyük qəzetlərindən olan “Kathimerini”, Ərdoğanın “Bölgəmizdə heç bir ölkə ilə həll edilməyəcək problemimiz yoxdur. İnanırıq ki, dialoq və danışıqların açıla bilməyəcəyi bir qapı yoxdur. Yetər ki, diplomatiyaya icazə verilsin, qalanları onun ardınca gedəcək” sözlərinə diqqət çəkib. “Protothema” nəşri isə “Həll edə bilməyəcəyimiz problem yoxdur” başlığı ilə oxucularının qarşısına çıxıb.
“Newsbeast.gr”də yayımlanan təhlildə Miçotakisin Ankara səfəri üçün hazırlıqların qızışdırıldığı bildirilib və Ərdoğanın son açıqlamasının Yunanıstana doğru dostluq əlindən çox uzaq bir məna daşıdığı vurğulanıb.
Nəşrin məlumatına görə, iki lider arasında mayın 13-də keçiriləcək görüşdə siyasi dialoqun gedişi, Anlaşma Memorandumu və müsbət gündəm müzakirə olunacaq.
Yunan mətbuatının yazdığına görə, 14 aylıq müsbət atmosferdən sonra iki ölkə arasındakı münasibətlərdə atılacaq növbəti addımlar üçün təqvim təyin olunarsa, bu, bir uğur təqvimi olaraq qiymətləndiriləcək.
Hər şey yaxşı olarsa, Miçotakis və Ərdoğan iyulda Vaşinqtonda keçiriləcək NATO Sammitində və dərhal sonra sentyabrda BMT Baş Assambleyasında yenidən görüşmək imkanı əldə edəcəklər.