- 13.08.2024 17:39
610 balla müəllimliyi SEÇDİ: “Ali təhsilimi Qubada alacam”
İmtahanlardan yüksək bal toplayan abituriyentlərin əksəriyyəti ya paytaxtda ya da xaricdə oxumağa üstünlük verirlər. Ancaq buna baxmayaraq hər il bir neçə 600-dən çox bal toplamış abituriyentlər filial universitetləri, bölgələri seçirlər.
Onlardan biri də Novruzova Nəzrin Dəyanət qızıdır. O, 610 balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba fililalında təhsil alacaq.
Nəzrin Novruzova AzEdu.az Təhsil Portalının əməkdaşı ilə həmsöhbət olub.
Nəzrin bildirir ki, ADPU-nun Quba filialı yaşadığı yerdə yerləşdiyindən onun üçün əlverişlidir.
“Mən, Novruzova Nəzrin Dəyanət qızı. Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbinin məzunuyam. Builki qəbul imtahanlarından ümumi 610 bal toplayaraq ADPU-nun ingilis dili müəllimliyi ixtisasında təhsil almağı hədəfləyirəm. Universiteti bitirdikdən sonra təhsilimi davam etdirməyi düşünürəm. Magistraturanı ya Bakıda, ya da xaricdə oxumağı düşünürəm”.
“Mənim fikrimcə, təhsil almaq üçün Bakı və ya Quba fərq etmir”,- deyə müsahibimiz vurğulayıb:
“Uşaqlıqdan hədəfim təhsil almaq, cəmiyyətə yararlı şəxsiyyət kimi formalaşmaq olub. Mənə görə harada təhsil almağın fərqi yoxdur.
Atam mənim oxuduğum məktəbdə tarix müəllimidir. Mən də uşaqlıqdan atamı rəhbər tutaraq müəllim olmağı istəmişəm. Fəaliyyətimi həm tərcüməçilik, həm də məktəbdə müəllim işləyərək davam etdirməyi düşünürəm”.
Yüksək bal toplayan Nəzrin abituriyentlərə öz təcrübələri barədə tövsiyələr verdi:
“Mən deyərdim ki, 11-ci sinfə nəzərən 10-cu sinifdə daha çox çalışmışam. Bəzi günlər olurdu ki, bütün günü oxuyurdum. Dərsləri mükəmməl şəkildə öyrəndiyim üçün artıq 11-ci sinifdə əziyyətimin bəhrəsini gördüm. Buna görə də təkcə təkrar etmək kifayət edirdi. Abituriyentlərə də tövsiyəm ondan ibarətdir ki, vaxtlarını lazımi şəkildə dəyərləndirsinlər”.