- 18.11.2024 16:24
Valideynlərin evlilik sonrası ən böyük səhvi – PSİXOLOQDAN XƏBƏRDARLIQ
Cəmiyyətimizdə valideynlər övladlarının yaşından asılı olmayaraq, onları müstəqil yetişməyə, sərbəst qərar qəbul edib addım atmağa imkan vermir. Valideynlərin övladları üzərindəki təzyiqi sosial və psixoloji baxımdan ciddi təsirlər yarada bilər. Bu təzyiq fərqli formalarda özünü göstərə bilər: yüksək gözləntilər, nəzarətçi davranış, sərt qaydalar və ya uşağın şəxsi fikirlərini ifadə etməsinə mane olmaq.
Bəs övladlarını sərt nəzarətlə tərbiyə edən valideynlərin bu davranışı nə dərəcədə düzgündür? Onların övladları gələcəkdə hansı fəsadlarla qarşılaşa bilər?
Tanınmış psixoloq Samirə Bağırova sözügedən mövzu ilə bağlı Yenisabah.az-a açıqlamasında bir sıra məqamlara toxunub:
“18 yaşına çatmış hər bir gənc artıq müstəqil, tam hüquqa sahib vətəndaş hesab olunur. Bu Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunub. İnsanlar keçmişlə müqayisə etməyi sevirlər. Keçmişə, illər əvvələ nəzər salsaq, orta məktəbi bitirən hər kəs artıq müstəqil həyata atılırdı. Amma bugünkü gənclər nəinki müstəqil həyata atıla bilmirlər, üstəlik, evlilik sonrası da valideyn nəzarətində yaşayırlar”.
O, bildirib ki, bu gün valideynlərin əksəriyyəti övladlarını həyata atılmağa hazırlamır:
“Təbii, həyat dəyişir, qaydalar dəyişir, nə isə yaxşı, nə isə pis ola bilər. Önəmli olan sağlam tərbiyə ilə uşaq yetişdirmək və ən əsası uşağı həyata hazırlamaqdır. Əsas problem odur ki, standartlaşdırılmış tərbiyə verilir və əsasən də bu tərbiyə sistemi “olmazlar”dan ibarətdir. Övladı həyata atılmağa hazırlamaq əvəzinə, valideynlər özlərinə uyğunlaşan uşaq yetişdirirlər”.