- 03.04.2025 22:43
Manşet.az-dan Axar.az-a açılan atəş- “Müharibə” belə başlayıb…
Azərbaycanda jurnalistika cameyəsində efir, qəzet səhifələri vasitəsilə bir-biri ilə mübahisə edən, təhqir yağdıranlar çox olub. Ancaq son zamanlar bu kimi hallara demək olar ki, rast gəlmirdik. Köhnələr də bir-birilərini söyməkdən yorulub, hərəsi öz yolu ilə gedir. Türklər demiş, lafı çox da dolandırmadan mətləbə keçək.

Deməli, Axar.az saytının rəhbəri Anar Niftəliyevlə Manşet.az saytının rəhbərləri Famil Fərhadoğlu və Əli Vəliyev arasında iki gündür ki, “müharibə” gedir. Manşet.az saytının rəhbərləri Axar.az saytının rəhbərini ağ yuyub, qara sərirlər. Ortada epizotik də olsa “Teleqraf” Media Holdinqinin rəhbəri (Anar Niftəliyevin də rəhbəri) Aynur Camalqızının da adı hallanır. Daha doğrusu, elə Camalqızının adı hallanır. Təhqir olunan Axar.az rəhbəri Anar müəllimin adını çəkən yoxdur. Lakin medianı bilən hər kəs yazılan statuslardan başa düşür ki, söhbət kimdən gedir.
Tərəflər arasında dava xəbər üstündə başlayıb. Famil Fərhadoğlu status yazaraq bildirib ki, Axar.az saytı onların xəbərlərini oğurlayır, istinad eləmir.
Bundan sonra Famil müəllimin statusuna görə Aynur Camalqızı ona yazıb və birinci tərəf statusu silib, məsələni yoluna qoyublar.

Ancaq söhbət yenidən alovlanıb. Buna da səbəb Anar Niftəliyevin bir köşəsində bir neçə məsələ ilə bərabər mediada kişi həyasızlarının olmasını qeyd etməsi olub. Yazıda bu kimi ifadələr çox işlənib, ancaq hamısını təqdim etmirik. Anar müəllim çalışıb ki, “güllələri” gizlin atsın. Ona görə də yazısında xeyli söz oynadıb, ad isə çəkməyib. Məsələn, yazır:
“Problem təkcə TV-lərdə deyil ki: onlayn media da yalnız bu təfəkkür və düşüncədədir. Mediaya yaxından-uzaqdan aidiyyəti belə olmayan, bir cümləsində 15 üslub, qrammatik, leksik səhvlər buraxan “baş redaktor” adına geydirilənlərin formalaşdırdığı bir eybəcər mühitin içindəyik!

Azərbaycan onlayn mediası 90-cı illərdə yetişmiş, ustadlardan dərs almış və o ənənəni yaşatmağa çalışan 5-10 jurnalistin üstündədir və inşallah, onlar da yaxınlarda sözün hər mənasında öləcək: kimə möhtac olacaqsınız? Adını yazanda 5 səhv buraxanlarlamı Cənubi Qafqazın lider dövlətinin siyasi təbliğatını aparacaqsınız? Yoxsa işi-gücü yalnız rəsmi və qeyri-rəsmiləri şantaj edib, pul qazanmaq, öz maşınını park etmək üçün Nəqliyyat Agentliyini piyada səkisini dağıdıb, parkinq yaratmağa vadar edən şəxslərləmi Avropadan üstümüzə yağan təbliğat selinin qarşısında durmağı hədəfləyirsiniz, yoxsa sivri burnunu “dikburun” etmək üçün estetik əməliyyat keçirən “kişi”ciklərləmi sabahın media-maqnatlarını formalaşdırırsınız?
Kim yaratdı bu manqurtlar dəstəsini? Kim(lər) onlara sponsorluq edib, ayaqda qalmalarını saxlayır və medianı uçurumun dibinə sürükləməyə davam edir?”
Göründüyü kimi Anar müəllim ad çəkməyib, ancaq qarşı tərəf söhbətin onlardan getdiyini hesab edib. Açığı, köşədə xeyli ağır ifadələr yer alıb. Ad çəkilməsə də, hər kəs öz payını götürüb. Ancaq biz bu cür ifadələri də heç jurnalistə yaraşdırmadıq.
Qarşı tərəf köşəni cavabsız qoymayıb. Ancaq onlar söz oynatmayıblar, elə bir başa söyüblər. Ad çəkmədən müəllimin hər cümləsinə cavab veriblər.
Bəri başdan qeyri-etik ifadələrə görə oxucularımızdan üzr istəyirik.

Əli Vəliyev yazıb: “İki əxlaqsızın bir redaksiyada birləşməsi( biri kişi biri qadın) və yaxud nursuz “CAMALLAR”ın və itinin balladası..
Kimsə sahibinin təsiri ilə bizi ləkələmək istəyir. Mənəviyyatı olmayan, əqidəsiz, əxlaqsız mülahizələr irəli sürür. Öz dərdinizi çəkin, ay əqidəsizlər! Biri öz əməkdaşlarının yanında ana-bacı, var-yox söyüşü söyür, sonra da kiməsə əxlaq dərsi keçir. Bu ölkədə əxlaq, mənəviyyat və əqidə dərsi keçəcək ən axırıncı adamlarsız..
Üzük məsələsi, sonra da Şuşada Cıdır düzündə şəkil hər şeyi təsvir edir…Mənim jurnalistika təhsilim var, diplomatiya təhsilim var. Televiziyada illərlə ən önəmli reportajlar, layihələr eləmişəm. Açıqlamalar almışam, filmlər çəkmişəm.
Xarici dövlət rəhbərlərindən müsahibələr, ölkədə nazirlərdən Prezident köməkçilərindən, generallardan açıqlamalarım, müsahibələrim var.
Mənimlə müqayisə? Ay şərəfsiz, sən neyləmisən bu 50-60 yaşına qədər? Publisistlərin yerinə bir iki yazı yazmaq jurnalistikadır ya məktəbidir? Tüpürüm məktəbinə..İnsana redaksiyalarında it balası kimi həddini bildirirsən, yenə də xeyri yoxdur..
Yeri gəlmişkən mən artıq əqidəsiz, nursuz “CAMALLAR”DAN bezmişəm. Qapı “zvanok”u kimi İsveçrədən belə gələnin basdığı, gedənin basdığı əqidəsiz, yaltaqlardan.. İndi bu yazıdan sonra sahibin yəqin səni azarlayacaq, ay mənəviyyatsız, yazıq, əxlaqsız, əqidəsiz..Get bir tikə sahibinin sənə verdiyi çörəyini ye, işinlə məşğul ol”.

Famil Fərhadoğlu yazır:
“Əgər Famili, Əlini heçə sayırdınızsa sənin sahibin mənə niyə yazıb, dəfələrlə zəng edirdi. Əlini niyə zəng edib xahiş edib, narahat edirdiniz ki, statusunu sil. Media haqqında qanunu niyə heçə sayırsız? Niyə jurnalistlərin əməyinə hörmət qoyub, istinad etmirsiz? Sonra da bu azmış kimi işçiləriniz zəng edib, xahiş minnət edir. Bununla da kifayətlənməyib hörmətli, mötəbər insanları narahat edirsiz. Statusları da silməyəndə qaralamağa çalışırlar. Amma alınmaz! Əli ilə Familin qara işləri olsa sizlər kimi lüks həyat yaşayar. Ucqar qəsəbələrdə qalmaz. İnsanları iyrəndirməyin, imkan verin yaradıcılıqla məşğul olaq! Bu kimi hörmətsizliyinizə davam etsəniz bütün faktları yayacayıq. Neçənci dəfədir ki, axaraz xəbərlərimizi oğurlayıb, istinad etmir”.
Bu cür mübahisə davam edir.
Şəxsən biz hesab edirik ki, bu məsələ heç kimə başucalığı gətirmir. İstənilən halda ayıbdır, yoldaşlar. Sizin birləşib, həqiqətlərimizi dünyaya çatdıran vaxtınızdır. Dava, təhqir, söyüş nə təcrübəsi böyük köhnə media nümayəndəsinə, nə də bu sahədə yeni addımlayan, gələcəyin azmanlarına yaraşmaz.
Bunları ona görə yazırıq ki, bəlkə oxuyub, özlərini kənardan görələr, dayanalar…
Mirzə
Proses.az