- 03.05.2025 18:16
Nazir “Səhiyyə əlaçısı” medallarını kimə verib?- Əsasnamə pozulub

Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanıb.
Proses.az xəbər verir ki, bir qrup səhiyyə işçisi bu döş nişanının verilməsində edilən haqsızlıqlardan narazı qalıb.
Belə ki, hər il iyun ayının 17-si ölkədə tibb işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Həmin gün bir neçə səhiyyə işçisi “Səhiyyə əlaçısı” medalı ilə təltif edilir. Bu il medalın kimlərə veriləcəyi ilə bağlı şübhələr var. Çünki səhiyyə işçiləri ötən il bu haqsızlığın şahidi olub.
Məlum olub ki, ötən il “Səhiyyə əlaçısı” döş nişanı verilən zaman haqsızlıq edilib, əsasnamə qaydaları pozulub.
Ötən il Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Elxan oğlu Babayev, nazirliyin Mətbuat xidmətinin rəhbəri Pərviz Bəşir oğlu Əbubəkirov da nazir tərəfindən bu döş nişanına layiq görülüb. Amma onların hansı səmərəli xidmətlərinə görə bu medala layiq görüldükləri bilinmir.
Qeyd edək ki, əsasnamənin birinci bəndinə görə, “Səhiyyə əlaçısı” döş nişanı səhiyyə sahəsində 10 il səmərəli xidmət göstərmiş şəxslərə verilir. Həmçinin bu döş nişanı ilə təltif edilən şəxsə maaşının 3 misli qədər mükafat verilir.
Tural Babayev 2022-ci ildən, Pərviz Əbubəkirov isə 2018-ci ildən səhiyyə sahəsində çalışır. Yəni, 10 illəri tamam olmayıb. Bu da əsasnamənin birinci bəndinə ziddir.
Məlumata görə aparat rəhbəri Tural Babayevin atası ilə səhiyyə naziri dost imiş. Onlar uzun müddət “Tusi” klinikasında birlikdə çalışıblar.
Proses.az