- 30.09.2025 14:04
İlahiyyatçı Cabir İmanovdan danışdı: “Ölmüş adamın yaxşı əməllərini demək, mənfi əməlləri barədə susmaq lazımdır”
“Məhəmməd Peyğəmbərin hədislərində buyurulur ki, vəfat edənin yalnız yaxşı əməllərini xatırladın. Təbii ki, dünyada hər kəsin yaxşı əməlləri olduğu kimi, xətaları da olur. Amma öldükdən sonra adamların xətalarını, nöqsanlarını qabardıb onları hədəfə gətirmək, biabır etmək özü ən böyük günahdır. Ölmüş adamın yaxşı əməllərini demək, mənfi əməlləri barədə susmaq lazımdır. İslama görə, diri, ya ölü fərqi yoxdur, qeybətini etmək, arxasınca pis danışmaq, şayiələr yaymaq böyük günahlardandır. Əgər mərhum Əməkdar artist Cabir İmanov sağlığında kiməsə pislik edibsə, zərərçəkmiş məhkəməyə müraciət edə, yaxud özü ilə görüşüb narazılığı həll edə bilərdi. Yox, bunu etməyibsə, hətta bu gün ictimailəşdirdiyi nüansları mərhumun sağlığında, onun da münasibət bildirmək haqqını tanıyaraq bildirməyib, yalnız vəfat etdikdən sonra ictimailəşdirirsə, demək, burada yalnız mənfi məqsədlər var”.
Bu sözləri Pravda.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan deyib.
“Həm ölmüş adama, həm də onun əzizlərinə, yaxınlarına, sevənlərinə qarşı hörmətsizlik edilir. Bu da növbəti günahdır. Həqiqət budur ki, mərhum Cabir İmanov haqqında azsaylı şəxslərdən başqa heç kəs mənfi fikirdə deyil. Onun gözəl sənətçi, mədəniyyət və ictimai xadim olması haqda sözlər deyilir. Uzun illər insanların üzünü güldürüb, sevinc bəxş edib, mədəniyyətimizə, incəsənətimizə xidmət göstərib. Belə bir sima haqqında xüsusi ilə sosial şəbəkələrdə təhqiramiz paylaşımlar etmək, onu mənfi obrazda təqdim etmək həm də Azərbaycan mədəniyyətinə hörmətsizlikdir. Ümumiyyətlə, dinimizə görə, müsəlmanlar bütün insanlığa nümunə olmalıdırlar. Vəfat etmiş adam artıq axirət aləmindədir. Günahı və savabı orada müəyyən ediləcək. Ölüləri mühakimə etmək dirilərə düşməz. Bu səlahiyyət yalnız Allaha aiddir. Bizə düşən insanın yaxşı əməlini xatırlayıb, onun üçün rəhmət və bağışlanma diləməkdir”, – ilahiyyatçı bildirib.