- 15.10.2025 16:19
Deputat mandatına xitam verildi
Oktyabrın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib.
MSK-nın mətbuat xidmətindən verilən məlumata görə, iclasda Milli Məclisin 94 saylı Ucar dairəsindən üzvü Ramil Həsənin müraciəti əsasında onun mandatına xitam verilib.
Ramil Həsənin deputat mandatına xitam verilməsi onun Türk Dövlətləri Parlament Assambleyasının baş katibi postunda fəaliyyətə başlaması ilə əlaqədardır.
Konstitusiyanın 89-cu maddəsinə əsasən, dövlət orqanlarında vəzifə tutan şəxs Milli Məclisin deputatı səlahiyyətini itirir.
Ramil Həsən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2024-cü il sentyabrın 1-də keçirilmiş parlament seçkisində 125 nəfərlik Milli Məclisə Yeni Azərbaycan Partiyasından daha 67 nəfər mandat alıb.
Hazırda Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyası, Böyük Azərbaycan Partiyası, Respublikaçı Alternativ Partiyası, Demokratik İslahatlar Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Ana Vətən Partiyası, Milli Cəbhə Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyasının 1, partiyasız şəxslərin 45 mandatı var.