- 25.10.2025 20:03
Ana Vətəndə oğul atanın üzünə ağ oldu
Fəzail Ağamalının sədri olduğu Ana Vətən Partiyasının bu gün keçirilən qurultayında yaşanan qalmaqal, təkcə ailədaxili gərginlik deyil, həm də ölkə siyasətində ailə maraqlarının partiya idarəçiliyinə necə sirayət etdiyinin bariz nümunəsidir. O zalda səslənən qışqırıqlar, mikrofonların qarşısında yaşanan qarşıdurma bir daha göstərdi ki, bəzi siyasətçilər üçün partiya nə ideya, nə də dəyərdir — sadəcə ailə mülkiyyətidir.
Fəzail Ağamalı artıq otuz ildən artıqdır ki, Azərbaycan siyasətinin köhnə simalarından biridir. Sovet illərində və ondan sonra müxtəlif vəzifələrdə çalışan cənab Ağamalı 1995-ci ildən bəri fasiləsiz şəkildə Milli Məclisdə deputat mandatı daşıyıb, müxtəlif komitələrdə təmsil olunub və Ana Vətən Partiyasına rəhbərlik edib. Onun Ramiz Mehdiyevlə yaxın münasibətləri uzun illər ərzində siyasi dayaqlarından biri kimi dəyərləndirilib. Bu əlaqələr sayəsində Ağamalı sistemin içində sabit mövqeyini qorumağı, eyni zamanda ailəsini də bu dairəyə daxil etməyi bacarıb.
Məhz həmin siyasi dayaqlardan biri sayəsində onun qızı Günay Ağamalı da deputat mandatı əldə edib. Bu dəfə isə ata, partiya rəhbərliyini qızına həvalə etməklə həm ailədaxili varislik zəncirini möhkəmləndirmək, həm də növbəti parlament seçkilərində yenidən qızına mandat qazandırmaq niyyətindədir. Amma görünür, plan gözlənildiyi kimi alınmadı. Oğlu Elçin Ağamalı da kresloya iddialıdır. Deputatlığın, imtiyazın, “status şirinliyinin” dadını hələ uşaqlıqdan atasından görmüş oğul, bu mühitdən kənarda qalmaq istəmir. O da bilir ki, partiya sədri olmaq gələcək seçkilərdə mandat üçün ən qısa yoldur.
Beləcə, Ana Vətən Partiyasının qurultayı siyasi ideyaların yox, ailə maraqlarının toqquşduğu səhnəyə çevrildi. Ata sədrliyini qızına vermək istəyir, oğul atasına meydan oxuyur. Mühafizəçilər araya girməsəydi, bu “partiya iclası” bəlkə də ailə daxili yumruq-təpik davasına çevriləcəkdi.
Amma burada məsələ kiminsə qalib gəlməsi deyil. Əsas sual budur: insan illərlə parlamentdə oturub xalqın taleyinə təsir edən qanunlara səs verirsə, amma öz ailəsində nizam-intizamı və hörməti təmin edə bilmirsə, hansı mənəvi haqqla “xalqın deputatı” adlanır?
İnsanın birinci vəzifəsi övladına tərbiyə, ədalət və dəyər hissi aşılamaqdır. Əgər bu alınmayıbsa, partiya rəhbərliyindən, dövlət idarəçiliyindən və ya cəmiyyətə verilən dərslərdən danışmaq mənasızdır.
Fəzail Ağamalı uzun illər parlamentdə çox danışdı, çox səs verdi, çox qanun layihəsinin altına imza atdı. Amma görünür, bir qanunu heç vaxt qəbul etmədi: ailəsində ədaləti qura bilməyən, cəmiyyətdə ədaləti təbliğ edə bilməz. Qurultayda yaşanan mənzərə bu reallığın canlı rəsmini yaratdı — ata ilə oğulun qarşıdurması, uzun illər sistemin içində yetişmiş bir siyasi nəsil anlayışının simvolik dağılma səhnəsinə çevrildi.
Bu, təkcə bir ailənin faciəsi deyil — köhnə nəsil siyasətçilərin mentallıq faciəsidir. Onlar xalqın etimadını ailə biznesinə çevirdilər, partiyaları özəl mülkiyyət kimi idarə etdilər. İndi isə həmin “mülk” içində varislik uğrunda mübarizə gedir. Amma unudurlar ki, xalqın etimadı miras deyil, qazanılan dəyərdir.
Onu varisliklə deyil, vicdanla qorumaq olur.
Və nəhayət, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, “heç kim dövlət qarşısında məsuliyyətdən qaça bilməz” və “dövlət qulluqçusu xalqa xidmət etmirsə, onun yeri orada deyil.” Ramiz Mehdiyev kimi illərlə kölgədə siyasətə yön verən, öz şəbəkəsini dövlət aparatına hopduran şəxslər necə cəzalandırıldısa, onların kölgəsində gizlənərək sərvət və mövqe toplayan “xırdabuynuzlu məmurlar” da gec-tez eyni aqibəti yaşayacaq. Dövlət artıq köhnə sistemin qalıqlarını bir-bir aradan qaldırır. Çünki Azərbaycan yeni dövrə — şəffaflıq, hesabatlılıq və məsuliyyət dövrünə qədəm qoyub. Bu dövrdə kölgədə gizlənənlər üçün yer yoxdur – nə “Ana Vətəndə”, nə də Ana Vətəndə.

Siyasi şərhçi – Rəhman Bayramov