- 31.10.2025 17:48
Bank sektorunda gizli siqnal: problemli kreditlər artır – BORCLARI KİM ÖDƏYƏCƏK?
Son 5 ildə ödəmə vaxtı keçmiş kreditlərin həcmi müxtəlif istiqamətlərdə dəyişib. 2025-ci il sentyabrın 1-i vəziyyətinə görə, gecikmiş kreditlərin ümumi məbləği 530,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 milyon manat və ya 12,21% artım deməkdir.
Bu artımın əsas səbəbləri nələrdir – vətəndaşların gəlir səviyyəsi, bankların kredit siyasəti, yoxsa iqtisadi və sosial amillər? Həmçinin, bu tendensiyanın yaxın gələcəkdə iqtisadi sabitliyə təsiri necə olacaq?
Bu suallara cavab olaraq Proses.az-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, problemli kreditlərin artmasını maliyyə sektoru üçün o qədər də yaxşı xəbər hesab etmək olmaz.
İqtisadçı Xalid Kərimli hesab edir ki, problemli kreditlərin artması bank sektorunda müəyyən risklərin yaranmasından xəbər verir, lakin hazırkı göstəricilər hələlik Mərkəzi Bank üçün narahatlıq doğurmur.

Ekspert bildirib ki, bu artım verilmiş kreditlərin nəzərdə tutulmuş qrafiklər üzrə geri qaytarılmasında problemlərin mövcud olduğunu göstərir. Onun fikrincə, burada mütləq rəqəmlərdən çox, nisbi göstəricilər daha əhəmiyyətlidir.
“Yəni kredit, qeyri-işlək kreditlərin — problemli kreditlərin ümumi kreditlərdə xüsusi payı daha önəmlidir. Burada müəyyən pisləşmə var. Əgər 31 dekabr 2024-cü ildə ümumi problemli kreditlərin ümumi kredit portfelinə nisbəti 2,4 faiz idisə, 31 avqustda bu göstərici 2,8 faizə qədər artıb”, – deyə iqtisadçı qeyd edib.
Xalid Kərimlinin sözlərinə görə, problemli kreditlərin strukturuna baxdıqda, bəzi istiqamətlərdə yaxşılaşma, digərlərində isə pisləşmə müşahidə olunur:
“Struktur vacib məsələdir. Təhlillərdə qiymətləndirmələrdə baxırıq ki, ipoteka kreditlərində əksinə, kreditlərin keyfiyyətində yaxşılaşma müşahidə olunur. Problemli kreditlərin payı 32,8 faiz idisə, 31 avqustda bu göstərici 17 faizə düşüb. Amma biznes və istehlak kreditlərində isə pisləşmə var. Hər ikisində problemli kreditlər təqribən 15 faiz artıb”.
Ekspert vurğulayıb ki, istənilən halda bu rəqəmlər hələ də qəbul edilə bilən səviyyədədir:
“Problemli kreditlərin ümumi kredit portfelindəki payı 2,8 faizə qalxıb ki, bu, hələlik çox yaxşı göstəricidir. Baxmayaraq ki, pisləşmə var, amma göstərici olaraq təhlükəli səviyyədə deyil. Nəzərə alsaq ki, 2021-ci ildə problemli kreditlər 4,5 faiz idi, 2017–2018-ci illərdə bu göstəricilər daha yüksək həddə çatırdı. İndiki rəqəmlər çox yaxşı hesab olunur, Mərkəzi Bankı narahat etməyəcək səviyyədədir”.
Kərimli qeyd edib ki, problemli kreditlərin xüsusi çəkisinin artması həm banklar, həm də borcalanlar üçün ikitərəfli siqnal verir:
“Birincisi, bu, bankların maliyyə vəziyyətinin pisləşməsinə səbəb olan göstəricidir. İkincisi, borcalanların – yəni əhalinin və bizneslərin – maliyyə vəziyyətinin zəifləməsinə işarə edir”.
İqtisadçı hesab edir ki, problemli kreditlərin artmasının əsas səbəblərindən biri faiz dərəcələrinin son illərdə yüksəlməsidir:
“Son iki ildə faiz dərəcələrinin sürətli artımı müşahidə edirik. Təqribən faiz dərəcələrində 3–4 faizlik artım var ki, bu da nisbətən böyük göstəricidir. Ümumilikdə ölkədə faiz dərəcələri 25–30 faiz artıb. Bu da təbii ki, əhalinin alıcılıq qabiliyyətinə təsir göstərir. Əhalinin real gəlirləri bu qədər artmadığı üçün faiz dərəcələrinin kəskin artması maliyyə yükünü artırır”.
Bütün bunlara baxmayaraq, Xalid Kərimli hesab edir ki, hazırkı göstəricilər hələ də Mərkəzi Bank üçün “komfortlu” səviyyədədir:
“Üç faizdən aşağı problemli kreditlərin olması onu göstərir ki, bu sahədə hələ ciddi narahatçılıq yoxdur. Nəzərə alsaq ki, paralel olaraq Mərkəzi Bank məsuliyyətsiz kreditləşmə ilə bağlı müəyyən hədlər və limitlər tətbiq edir, bu da sistemdə risklərin qarşısını alır. Azərbaycan bank sistemində ehtiyatlı yanaşma qonşu ölkələrlə müqayisədə daha ciddi şəkildə tətbiq olunur. Bu baxımdan bank və maliyyə sisteminin etibarlılığı kifayət qədər yaxşı səviyyədədir”.
Ayşən Azadova
Proses.az