- 03.11.2025 14:17
Əliyev və Ərdoğan İrəvana bu halda gedə bilər – MÜHÜM AÇIQLAMALAR
“Türk Dünyası və Beynəlxalq Biznes İnvestisiya Assosiasiyası”nın (TÜRKBİRKON) prezidenti, türkiyəli politoloq Hakan Aktürk Ermənistanın “Ərdoğanı və Əliyevi İrəvana dəvət etdik” bəyanatına münasibət bildirib.

Proses.az-a danışan türkiyəli politoloq Hakan Aktürk bildirib ki, “iki dövlət, bir millət” prinsipi ilə hərəkət edən Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin bu dəvətə qatılacaqlarına inanıram:
“Bölgədə sülhün bərqərar olmasında öncülük edən Türkiyə Ermənistanın Azərbaycana və sülh prosesinə olan sadiqliyini diqqətlə izləyir. Bütün ictimaiyyət bilir ki, əgər Türkiyə sülh prosesinə zərər verə biləcək bir addım görərsə, xəbərdarlıq etmədən Ermənistanı məhv edər”.
Politoloq əlavə edib ki, Ermənistan Türkiyənin Qafqazda “ürəyi” olan Azərbaycanın arxasında 95 milyonluq Türkiyənin dayandığını yaxşı bilir:
“Şuşa Bəyannaməsi ilə bu, bir daha sübuta yetirildi. Ermənistan anlayır ki, sülh prosesinin şərtlərinə əməl etmək onun yeganə çıxış yoludur”.
TÜRKBİRKON rəhbəri həmçinin xatırladıb ki, 8 avqustda Vaşinqtonda imzalanan bəyannamə və normallaşma razılaşması bölgədə sülhün dönüş nöqtəsi olub:
“Türkiyəsiz atılan hər hansı addım Ermənistan üçün məyusedici başlanğıc olar. Ermənistanın ‘Bir gün Əliyev İrəvana, Paşinyan isə Bakıya səfər edəcək’ kimi açıqlamaları ancaq sülh prosesinin uğurla davam etməsi halında reallığa çevrilə bilər”.
Sonda Hakan Aktürk qeyd edib ki, Türkiyə bölgədə öz dominantlığını qeyd-şərtsiz təsdiqləyib və hər zaman Azərbaycanın yanında olacaq:
“Ermənistana qarşı blokadanın genişləndirilməsi və ya qaldırılması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarları ilə müəyyən ediləcək. Mən inanıram ki, Azərbaycan və Türkiyə birlikdə hərəkət edəcək, Ermənistan məsələsində güc nümayiş etdirəcək və bu dəvəti qəbul edəcəklər”.
Ayşən Azadova
Proses.az