- 18.11.2025 15:54
“Azərbaycanın diplomatik imkanları artır” – Millət vəkilindən MÜHÜM AÇIQLAMALAR
Azərbaycanın xarici siyasəti son illərdə regiondakı geosiyasi dəyişikliklər fonunda daha çox vektorlu və balanslı strategiya üzərində qurulur.
Bu barədə Proses.az-a açıqlama verən Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib ki, ABŞ və Avropa İttifaqının region siyasətindəki dəyişikliklər Azərbaycanın mövqeyinə birbaşa təsir göstərir.
E.Musayev qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin sona çatmasından sonra Avropa İttifaqının bölgəyə münasibəti dəyişib.

“ABŞ-nin Trampdan Bayden administrasiyasına keçidindən sonra siyasətində müəyyən yumşalmalar müşahidə olunur. Azərbaycan reallıqlar yaratdı və bütün tərəflər, o cümlədən Qərb ölkələri, Rusiya və İran, bu reallıqlarla barışmaq məcburiyyətində qaldı. Tramp hakimiyyəti dövründə isə ABŞ daha konstruktiv siyasət aparmağa başladı. Azərbaycan prezidenti Ermənistanın baş naziri ilə Trampın iştirakı ilə görüşlər keçirdi və sülh müqaviləsi ilə bağlı ilkin addımlar atıldı”, – deyə millət vəkili vurğulayıb.
O əlavə edib ki, Azərbaycanın xarici siyasəti balanslıdır və ölkənin maraqlarına uyğun həyata keçirilir: “Türk Dövlətləri Təşkilatının genişlənməsində maraqlıyıq, Mərkəzi Asiya dövlətləri ilə inteqrasiyamız artır. Bu, Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, enerji resurslarımızla bağlı Qərblə əməkdaşlığımız da davam edir. ABŞ və Çinlə münasibətlərimiz getdikcə yaxşılaşır”.
Millət vəkili həmçinin vurğulayıb ki, Orta dəhlizin fəaliyyətə başlaması Azərbaycanın regionda nəqliyyat və kommunikasiya imkanlarını artırır: “Çindən və Mərkəzi Asiyadan gələn mallar Azərbaycan üzərindən Avropaya çatdırılacaq və bu siyasət davam etdiriləcək”.
Elşad Musayev son olaraq bildirib ki, ABŞ və Avropa İttifaqının yumşalan siyasəti Azərbaycana konstruktiv yanaşmaq imkanı yaradır və ölkə ağıllı diplomatiya ilə regiondakı gərginliyi neytrallaşdırmağı bacaracaq.
Ayşən Azadova
Proses.az