- 03.12.2025 18:40
Polis erkən nikah və məişət zorakılığına qarşı tədbirləri davam etdirir
Erkən nikah və məişət zorakılığına qarşı maarifləndirici tədbirlər davam etdirilir.
Polis əməkdaşları tərəfindən əhali arasında hüquqi maarifləndirmənin gücləndirilməsi məqsədilə erkən nikahın fəsadları və məişət zorakılığına qarşı mübarizə mövzularında tədbirlər ardıcıl şəkildə aparılır.
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları Şirvan, Hacıqabul, Cəlilabad, Göyçay, Göygöl, Şabran, İsmayıllı və Füzuli şəhər və rayonlarında ictimai yerlərdə vətəndaşlarla görüşlər keçirib, geniş izahat və məlumatlandırma işləri aparıblar. Polis əməkdaşları vətəndaşlara erkən nikahların qanunvericiliklə qadağan olunduğunu və belə hallara yol verən şəxslərin məsuliyyət daşıdığını bildiriblər. Eyni zamanda, məişət zorakılığı ilə bağlı müdafiə mexanizmləri, müraciət qaydaları və zərərçəkmiş şəxslər üçün mövcud yardım imkanları barədə ətraflı məlumat verilib.
Tədbirlər zamanı maarifləndirici bukletlər paylanıb, bu cür görüşlərin cəmiyyətdə hüquqi məlumatlılığın artırılmasına və risklərin vaxtında qarşısının alınmasına mühüm töhfə verdiyi sakinlərin diqqətinə çatdırılıb.
