- 30.12.2025 09:16
AGTL üzvləri ilə ilin yekunlarına həsr olunmuş görüş keçirilib
Dekabrın 26-da Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının (AGTL) üzvlərinin iştirakı ilə ilin yekunlarına həsr olunmuş görüş təşkil edilib.
Proses.az xəbər verir ki, ziyafət formatında keçirilən tədbir assosiasiya üzvləri arasında işgüzar münasibətlərin möhkəmləndirilməsi, qarşılıqlı etimadın artırılması və əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədi daşıyıb.
Görüş AGTL-nin rəhbəri Vüsal Qasımovun açılış çıxışı ilə başlayıb. O, çıxışında 2025-ci il ərzində assosiasiyanın fəaliyyəti, həyata keçirilən təşəbbüslər və əldə olunan nəticələr barədə ətraflı məlumat verib. Eyni zamanda qarşıdakı dövr üçün əsas prioritetlər, üzv şirkətlər arasında koordinasiyanın daha da gücləndirilməsi və sektorun institusional inkişafı ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Qeyd olunub ki, AGTL fəaliyyətə başladığı gündən etibarən gömrük təmsilçiliyi və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin maraqlarının müdafiəsi, dövlət qurumları ilə sağlam və davamlı dialoqun qurulması, sahə üzrə peşəkar standartların formalaşdırılması istiqamətində ardıcıl iş aparır. Assosiasiya eyni zamanda üzv şirkətlərin beynəlxalq təcrübəyə çıxışının genişləndirilməsi, bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif təlimlər və maarifləndirici tədbirlər həyata keçirir.
Tədbir çərçivəsində 2025-ci il üzrə fəaliyyət göstəricilərinə əsasən bir sıra üzv şirkətlər müxtəlif nominasiyalar üzrə sertifikatlarla təltif olunub. Bu təltiflər üzv şirkətlərin fəaliyyətinin qiymətləndirilməsi, sahədə peşəkarlığın və sağlam rəqabət mühitinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyıb.
Görüş daha sonra B2B formatlı işgüzar danışıqlarla davam edib. Assosiasiya üzvləri qarşılıqlı ünsiyyət şəraitində yeni əməkdaşlıq imkanlarını müzakirə edib, gələcək birgə layihələr ətrafında fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan məqsədyönlü iqtisadi siyasət çərçivəsində qeyri-neft sektorunun inkişafı, tranzit-logistika imkanlarının genişləndirilməsi və gömrük sahəsində islahatlar prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması və mövcud marşrutların genişləndirilməsi, eləcə də biznes mühitinin davamlı şəkildə yaxşılaşdırılması Azərbaycanın regionda mühüm logistika və ticarət mərkəzinə çevrilməsinə şərait yaradıb.
Bu prosesdə özəl sektorun və sahəvi assosiasiyaların fəal iştirakı xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətləri Assosiasiyasının fəaliyyəti dövlət başçısının müəyyən etdiyi iqtisadi inkişaf strategiyasına uyğun şəkildə qurulub. AGTL gömrük və logistika sahəsində fəaliyyət göstərən şirkətlərin potensialının artırılması, dövlət qurumları ilə koordinasiyanın gücləndirilməsi, eləcə də tətbiq olunan islahatların biznes mühitində daha səmərəli icrasına dəstək göstərmək məqsədilə ardıcıl təşəbbüslərlə çıxış edir.
Assosiasiyanın həyata keçirdiyi maarifləndirici tədbirlər, işgüzar platformalar və dialoq mexanizmləri gömrük prosedurlarının təkmilləşdirilməsi, şəffaflığın artırılması və logistika zəncirində effektivliyin yüksəldilməsi baxımından mühüm rol oynayır. Bu baxımdan AGTL-in fəaliyyəti dövlətin iqtisadi islahatlarına institusional dəstək xarakteri daşıyaraq ölkə iqtisadiyyatının dayanıqlı inkişafına xidmət edir.
