- 22.08.2023 12:08
Kəlbəcərdə hərbçimizin erməni atəşi nəticəsində yaralanması ilə bağlı cinayət işi açıldı
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Ramiz İsmət oğlu Nəzərovun düşmən tərəfdən odlu silahdan açılmış atəş nəticəsində yaralanması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, Hərbi prokurorun böyük köməkçisi, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Bildirib ki, daxil olmuş məlumat əsasında Kəlbəcər hərbi prokurorluğunun işçiləri tərəfindən izahatlar alınıb, Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları ilə birlikdə müvafiq işlər görülüb və digər hərəkətlər icra edilib.
Fakt üzrə Kəlbəcər hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.
12:01
Ermənistan tərəfinin törətdiyi təxribat zamanı Azərbaycan Ordusunun hərbi qulluqçusu Ramiz İsmət oğlu Nəzərov qarşı tərəfdən açılan atəşin rikoşet etməsi nəticəsində yüngül yaralanıb.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, yaralı hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün heç bir təhlükə yoxdur.
“Azərbaycan Ordusunun bölmələri tərəfindən qəti cavab tədbirləri görülür.
Bildiririk ki, qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – məlumatda qeyd olunur.