- 30.08.2023 23:02
Tarix yazan fədailərin komandası təqdimat keçirib- FOTOLAR
Vətən müharibəsi iştirakçılarından ibarət “Difai” futbol klubu təqdimat keçirib.
“Proses.az” xəbər verir ki, təqdimatda Gənclər və İdman Nazirliyinin, AFFA-nın, idman cameəsinin nümayəndələri iştirak edib.
“Difai” klubunun prezidenti Asəf Məlikov bildirib ki, futbol komandası 44 günlük Vətən müharibəsi qəhrəmanlarından təşkil olunub. O, yarandığı gündən kluba dəstək olan Gənclər və İdman Nazirliyinə, AFFA-ya, Peşəkar Futbol Liqasına təşəkkür edib: “Difai” futbol klubunun bayrağında və gerbində qara rəng türkçülük etimologiyasındakı torpağı, ağ yazılar gələcəyimizin uğurlu və işıqlı olacağını, qırmızı rəng isə şəhidlərimizin qanını simvolizə edir. Yeni gerbimizdə 11 ulduz isə futbolçuların sayını bildirir”.
Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev futbol klublarında peşəkar kadr çatışmazlığı məsələsinə diqqət çəkərək bildirib ki, “Difai” komandası kifayət qədər yaxşı təmsil olunur: “2023/2024-cü illər mövsümündə I Liqada iştirak edəcək “Difai” futbol klubuna uğurlar arzu edirəm. Bu komandanı yaşatmaq lazımdır. İnanıram ki, klub gələcəkdə Azərbaycanı layiqincə təmsil edə biləcək”.
Daha sonra əməkdar artist Elşən Rüstəmov klubun himninin sözlərini səsləndirib.
Tədbirdə “Difai” futbol klubunun yeni geyim formaları nümayiş olunub. Həmçinin, «Difai» FK-nın bu mövsümdə tərəfdaşı olacaq şirkətlərin adları açıqlanıb və müqavilələr imzalanıb.
Tədbirin sonunda kluba dəstək verənlərə idman formaları və futbol topu hədiyyə edilib.