PROSES.AZ

XƏBƏR SAYTI

Mediasiya Şurası və Sosial Xidmətlər Agentliyi əməkdaşlıq edəcək – FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi ilə Mediasiya Şurası arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Proses.az-ın E-huquq.az-a istinadən məlumatına görə, tədbirdə Agentliyin sədri Vüqar Behbudov qurumun fəaliyyəti, Prezident İlham Əliyevin tapşırığı ilə postmüharibə dövründə həyata keçirilən sosial dəstək tədbirləri, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının genirşləndirilməsi işləri barədə məlumat verib. Agentliyin bütün ölkəni əhatə edən 29 filialı və 13 müəssisəsi tərəfindən ilə həssas əhali qruplarına səyyar və stasionar şəraitdə göstərilən sosial xidmətlər qeyd edilib.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin də sosial reabilitasiya yönümlü xidmətlərlə əhatə olunduğu vurğulanıb.

Agentliyin Həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində 1 avqust 2021-ci ildən fəaliyyətə başlayan Məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial reabilitasiyası şöbəsində müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti olduğu bildirilib. Şöbədə hazırda 15 nəfərə reabilitasiya yönümlü sosial xidmətlər göstərildiyi diqqətə çatdırılıb.

Mediasiya Şurasının sədri Nadir Adilov mübahisələrin məhkəmədən kənar həllində mühüm vasitə olan mediasiya institutunun əhəmiyyətini qeyd edib. O, Şuranın fəaliyyəti barədə məlumat verib. İki qurum arasında əməkdaşlığın həssas əhali qruplarına xidmətlərin əhatə dairəsinin, eləcə də keyfiyyətinin artırılmasında önəmli olduğunu bildirib.

Görüşdə məişət zorakılığı probleminin, onun doğurduğu nəticələrin aradan qaldırılmasının uzunmüddətli həllinə nail olmaq üçün bu istiqamətdə birgə əməkdaşlıq yolları müzakirə edilib.

İmzalanan memorandumda həssas əhali qruplarının dəstəklə təminatı, onların ehtiyac duyduqları zəruri xidmətlərlə əhatə olunmaları, habelə müvafiq mövzulara aid seminar, konfrans, təlim və təşviqat tədbirlərinin təşkili, ictimai aktuallıq kəsb edən məsələlərin həlli, sosial əhəmiyyətli layihələr və s. üzrə əməkdaşlıq istiqamətləri əksini tapır.

 84 ümumi baxış sayı,  6 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.