PROSES.AZ

XƏBƏR SAYTI

Rusiya NATO-ya ultimatum verdi – Bu, müharibə xəbərdarlığıdır?

Rusiya XİN NATO-nun şərqə doğru genişlənməsinin dayandırılmasını və Rusiyaya alyans üzvləri tərəfindən təhlükəsizlik təminatının verilməsini nəzərdə tutan razılaşma layihəsini öz saytında dərc edib.

Musavat.com virtualaz.org-a istinadən xəbər verir ki, bu sənəd ultimativ xarakter daşıyır və o cümlədən Cənubi Qafqaz regionu ölkələrində NATO üzvlərinin hər hansı hərbi fəaliyyətinin istisna edilməsini nəzərdə tutur.

Xatırladaq ki, ABŞ və NATO tərəfindən Rusiyaya yazılı təhlükəsizlik təminatının verilməli olduğu prezident Vladimir Putinin amerikalı həmkarı Cozef Baydenlə dekabrın 7-də keçirdiyi danışıqlar zamanı irəli sürülüb. Belə ki, Rusiya Ukrayna sərhədləri boyu 175 minlik qoşun qruplaşması cəmləşdirməsini NATO-nun Ukraynanı öz sıralarına qəbul etmək hazırlıqları ilə əsaslandırır. Hesab edir ki, Ukrayna-NATO əməkdaşlığı Rusiyanın milli təhlükəsizliyi üçün təhdiddir. Ona görə də ehtimal ki, Bayden qoşunların Ukrayna sərhədlərindən geri çəkilməsini tələb edəndə Putin şərt kimi Rusiyaya təhlükəsizlik təminatının verilməsini irəli sürüb.

Və bunun ardınca Rusiya Xarici İşlər Nazirliyi sürətlə, birtərəfli qaydada həmin təhlükəsizlik təminatı layihəsini hazırlayıb və BBC Rus xidməti bildirir ki, sənəd 3 gün əvvəl Moskvaya səfəri zamanı ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridə təqdim edilib. Ardınca sənəd XİN-in saytında yerləşdirilib.

Sənəddə birbaşa elə bu cür də göstərilir ki, NATO ölkələri “alyansın genişlənməsinin dayandırılmasına, o cümlədən Ukraynanın və digər dövlətlərin bloka üzv qəbul edilməyəcəyinə” dair üzərinə öhdəlik götürür. Bu, layihənin altıncı bəndində yer alır. Bundan əlavə Rusiyanın layihəsinə əsasən NATO üzvləri Ukraynanın, habelə Şərqi Avropanın digər ölkələrinin, Cənubi Qafqazın və Mərkəzi Asiyanın digər dövlətlərinin ərazilərində “istənilən hərbi fəaliyyətdən imtina etməlidir”.

Layihənin dördüncü bəndində isə deyilir ki, Moskva və 1997-ci il mayın 27-nə qədər NATO-ya üzv olan dövlətlər (həmin ildən NATO-nun şərqə doğru genişlənməsi başlamışdı, – red.) öz silahlı qüvvələrini və silahlarını Avropanın digər dövlətlərinin ərazilərində yerləşdirməyəcəklər. Öz növbəsində layihəyə əsasən, Rusiya və bu razılaşmanın digər iştirakçıları özlərinin orta və yaxın mənzilli raketlərini “digər iştirakçıların ərazilərindəki hədəfləri vuracaq məsafələrdə” yerləşdirməkdən imtina edirlər.

Ukrayna hələlik Rusiyanın bu sənədinə reaksiya verməyib. NATO-nun baş katibi Yens Stoltenberg isə bəyan edib ki, alyans Rusiya sənədlərinin layihəsini alıb və Moskva ilə istənilən dialoq o cümlədən NATO-nun Rusiyanın hərəkətləri ilə bağlı narahatlıqlarını da nəzərə almalı, Avropada təhlükəsizlik sənədlərinin əsas prinsiplərinə cavab verməli, NATO-nun avropalı tərəfdaşları və Ukrayna ilə məsləhətləşmələr şəraitində həyata keçirilməlidir. Onun sözlərinə görə, 30 NATO ölkəsi aydın mesaj verib ki, əgər Rusiya gərginliyi azaltmaq üçün konkret addımlar atsa alyans etimadın möhkəmləndirilməsi tədbirləri üzərində işləməyə hazırdır.

“NATO-nun Ukrayna ilə münasibətlərini ancaq alyansın 30 üzvü və Ukrayna müəyyən edəcək, və başqa heç kim. Biz Rusiyanın başqalarına nəyi etmək, nəyi etməmək lazım gəldiyini diqtə etdiyi təsir zonasının yaradılması cəhdləri ilə razılaşa bilmərik”,-NATO baş katibi bildirib.

Ağ ev də Rusiyanın bu ultimativ layihəsinə reaksiya verib. Ağ evin mətbuat katibi Ceyn Psaki bəyan edib:

“Biz Avropa təhlükəsizliyinin əsaslarını təşkil edən əsas prinsiplərə kompromisə gedə bilmərik, o cümlədən bu prinsiplərdən ki, bütün ölkələr öz gələcəklərini və xarici siyasətlərini özləri, kənardan müdaxilə olmadan müəyyən etmək haqqına malikdir. Avropalı müttəfiqlərimizin və tərəfdaşlarımızın iştirakı olmadan Avropa təhlükəsizliyinə dair heç bir danışıqlar olmayacaq”.

Qeyd edək ki, Rusiyanın hazırladığı həmin layihəyə əsasən NATO üzvləri o cümlədən Cənubi Qafqaz respublikalarında hər hansı hərbi fəaliyyətdən imtina etməlidir. Bunun isə həm də Azərbaycanın NATO ilə ikitərəfli münasibətlərinə, o cümlədən NATO üzvü olan Türkiyə ilə hərbi müttəfiqlik münasibətlərinə aidiyyatı var.

Analitiklərə görə, Rusiya bu ultimativ sənədin qəbul edilməyəcəyini bilir və əslində onu Ukraynaya qarşı mümkün hərbi müdaxiləni diplomatik baxımdan əsaslandırmaq üçün irəli sürüb. Belə ki, ABŞ və NATO layihəni birmənalı şəkildə rədd etdiyi üçün Rusiya Ukrayna istiqamətindən yaranan təhdidləri neytrallaşdırmaqda haqlı olduğunu deyə bilər.

 74 ümumi baxış sayı,  2 bu günkü baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.