PROSES.AZ

XƏBƏR SAYTI

Özbəkistanının üzərində qara buludlar dövr edir – Qaraqalpaqstanda nə baş verir?

Proses.az siyasi şərhçi Rəhman Bayramovun yazısını təqdim edir.

Qaraqalpakstan haradadır?

Qaraqalpaqlar tarix boyu Orta Asiya regionunda yaşayan, türk dilində danışan (dilləri türk dil ailəsinin qıpçaq qrupuna aiddir) və müstəqil dövlət statusuna malik olmayan, türk dünyasının bir hissəsi olan muxtar respublikaya malik xalqdır. Qaraqalpaq Muxtar Respublikası indi Özbəkistan Respublikasının tərkibindədir. Cənub-şərqdə Özbəkistan, cənubda Türkmənistan, qərbdə və şimalda Qazaxıstanla həmsərhəddir. Ərazisi 160 min kvadrat kilometr, əhalisi təxmini 2 milyon nəfərdir.

Bölgənin tarixinə qısa baxış…

Orta əsrlərdə Qızıl Ordanın süqut etməsindən sonra Sırdərya çayı hövzəsində məskunlaşan qaraqalpaqlar bir müddət kalmıklarla mübarizə apardıqdan sonra Xivə xanlığına birləşiblər.
19-cu əsrdə uzun müddət ruslara qarşı dirəniş göstərən qaraqalpaqların torpaqları 1873-cü ildə Rusiyanın hakimiyyəti altına keçir. 1917-ci il qiyamından sonra qaraqalpaqlar 1918-ci ildə elan edilən Türküstan Muxtar Respublikasına daxil edildilər. 1920-ci ildə Xivə xanlığı tamamilə Rusiyanın hakimiyyətinə tabe olur, beləcə burada olan digər qaraqalpaqlar da rus hakimiyyətini qəbul edirlər. 1924-cü ildə isə Sovetlər Birliyinə daxil edilirlər. 1925-ci ildə yaradılan Qazax Sovet Sosialist Respublikasına tabe olan Qaraqalpaqstan muxtar vilayəti 1932-ci ildə Qazaxıstandan ayrılaraq, Rusiya Federasiyasına bağlı olan Qaraqalpaq Muxtar Respublikasına çevrilir. 1936-cı ildə SSRİ Konstitusiyasına görə Özbəkistana təhvil verilir. 1990-cı ildə Özbək SSR Ali Soveti tərəfindən “Hakimiyyət Fərmanı” qəbul edildi. 1991-ci ildə Özbək soveti müstəqillik elan edir və noyabr 1991-ci ildə Qaraqalpaqıstan, Özbəkistanın tərkibində öz suverenliyini elan edir. 1 sentyabr tarixi Özbəkistan ilə birlikdə Qaraqalpaqıstanda da “Müstəqillik Bayramı” kimi qeyd edilir. Bu gün Qaraqalpaqıstan Özbəkistana tabe olan muxtar bir respublikadır. Əslində bütün bu ayrılmalar və birləşmələr bu gün yaşanan problemin əsas mənbəyidir. Çünki SSRİ daim xalqları bir birinə qarşı qoymaq, daxili intriqalar yaratmaq, milli münaqişələr yaratmaq siyasətini ön plana çəkib. Keçmiş Sovet respublikalarında hələ də davam edən sərhəd problemləri, milli münaqişələr də bu siyasətin nəticəsidir.

Son günlər baş verən hadisələrin əsas qığılcımı nə oldu?

Qısa müddət əvvəl ictimaiyyətin müzakirəsinə verilən, Özbəkistan konstitusiyasına dəyişikliyi nəzərdə tutan bəzi maddələr etirazlara səbəb olub.
Hal hazırda qüvvədə olan Özbəkistan konstitusiyasına əsasən, 70-ci maddədə bildirilib:
“Suveren Qaraqalpaqıstan Özbəkistan Respublikasına daxildir. Qaraqalpaqıstanın Suverenliyi Özbəkistan Respublikası tərəfindən qorunur”.

Təklif olunan yeni dəyişiklik isə belədir:

“Qaraqalpaqıstan Respublikası Özbəkistan Respublikasına daxildir. Özbəkistan Respublikasının Konsituitutsiyası və qanunvericiliyi Qaraqalpaqıstan Respublikasının bütün hüquq və azadlığına təminat verir”.
Movcud konistitusiyanın 74-cü maddəsində isə göstərilib:
“Qaraqalpaqıstan Respublikası Qaraqalpaqıstan xalqının ümumxalq səsverməsi yolu, referendum əsasında Özbəkistan Respublikasının tərkibindən çıxmaq hüququna malikdir”.

Referendum layihəsində isə bu maddə belə təqdim olunur:

“Özbəkistan Konstitusiyasına və qanunlarına, Qaraqalpaqıstan Respublikasının Konstitusiya və qanunlarına uyğun olaraq Qaraqalpaqıstan Respublikasında öz ərazisində qanunverici, icraedici və məhkəmə hakimiyyəti fəaliyyət göstərir. Qaraqalpaqıstan Respublikası Joqork Keneşin sədri Qaraqalpaqıstan Respublikasının ali vəzifəli şəxsi sayılır”.
Göründüyü kimi düzəliş üçün ictimaiyyətə təqdim olunan layihə mətnində “suveren” sözü yer almayıb. Bu isə ixtişaşların başlanması üçün ilk qığılcıma səbəb olub.

Məsələnin digər – ən mühüm tərəfi…

Mərkəzi Asiya regionu hər zaman dünya siyasi arenasının diqqət mərkəzində olan bir bölgədir. Bu həm buranın təbii sərvətlərinin zənginliyi, həm aqrar potensiyalı həm də tranzit yolların kəsişmə nöqtəsi olmağı ilə bağlıdır. Rusiya və ABŞ hər zaman bu bölgəni diqqət mərkəzində saxlayır. Son illər Çin də bu ərazilərdə nüfuzunu genişləndirməyə çalışır. Bütün bu ölkələrin qarşısında əsas maneə isə son illər xeyli güclənən Türk Dövlətləri Təşkilatıdır. Təşkilatın lideri olan Türkiyə təbii olaraq bu bölgədə qeyri türk dövlətlərinin nüfuzunun artmağında maraqlı deyil.
Burda bir məsələyə diqqət çəkməliyik. Xatırlayırsızsa 2022-ci ilin yanvarında Qazaxıstanda hakimiyyətə qarşı etiraz aksiyaları baş vermişdi. Həmin vaxt Qazaxıstan prezidenti KTMT üzvlərinə müraciət edərək Qazaxıstana hərbi yardım etməsini xahiş etmişdi. Bu zaman Özbəkistan prezidenti Şavkat Mirziyoyev KTMT-nin Qazaxıstana ordu yeritməsinə qarşı çıxmış və məsələnin Qazaxıstanın daxili işi olduğunu bildirmişdi. Bu zaman Belarus Prezidenti həm də özünü Rusiya prezidenti Vladimir Putinin sözçüsü kimi aparan Aleksandr Lukaşenko Özbəkistan prezidentini hədələyib bildirmişdi ki belə hadisələr Qonşu dövlətlərdə də baş verə bilər. Özbəkistan prezidenti Şavkat Mirziyoyev də ona cavabında Özbəkistanın daxilində istənilən böhranı aradan qaldırmaq üçün qüvvəsinin olduğunu vurğulamışdı.
Özbəkistanın son zamanlar qardaş ölkələr Türkiyə və Azərbaycanla münasibətləri genişləndirmək istiqamətində atdığı addımlar, regionda yaranan vəziyyət, Rusiyaya qarşı olaraq Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıması, habelə bu kimi başqa addımları ölkəni yenidən iğtişaş yaratmaq istəyən Rusiyanı hədəfinə çevirib. Bu baxımdan KTMT -yə münasibətinə görə Rusiya yaranmış vəziyyətdən yararlana bilər. Düşünürəm ki Rusiya Qaraqalpaqıstanla Özbəkistan arasında qarşıdurmanın yaranmasını nail olmağa səy göstərir. Nəzərə almaq lazımdır ki, Özbəkistan ərazisinin 40 faizinin Qaraqalpaqıstan təşkil edir. Suveren Respublika Özbəkistanın tərkibindən çıxacağı halda vəziyyət və regionda siyasi-inzibati xəritə dəyişə də bilər.

Düşünürəm ki Türk Dövlətləri Təşkilatı bu prosesdə qardaş Özbəkistana hər cür dəstəyi verməli, daxili etirazlara kənardan ola biləcək hər hansı müdaxiləyə qarşı diplomatik, lazım gələrsə, hərbi tədbirləri masada saxlamalıdır.

Rəhman Bayramov

 1,258 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.