PROSES.AZ

XƏBƏR SAYTI

Niyə Azərbaycanda bircə nəfər sevilən icra başçısı yoxdur?- Azər Ayxan yazır

Niyə Azərbaycanda sevilən, ictimai rəğbət bəslənən bircə icra başçısı yoxdur? Nədən YAP-ın çoxsaylı deputatlarından heç olmaya 5 nəfərinə cəmiyyətin inamı, simpatiyası yaranmır? Hakimiyyət (dövlət) daxili ideoloji müharibədə niyə böyük hesabla və asanlıqla uduzur? Şuşanı işğaldan azad etmiş bir hakimiyyətin informasiya və ideologiya sahəsində bu qədər boşluqları olmamalıdır. Ölkəyə, millətə əsrlərdir həsrətində olduğu qələbəni qazandırmış Ali Baş Komandan bu qədər asan hədəfə gəlməməlidir. Sahə “zabitləri”, “generalları” soyuq savaşda hansı səbəbdən ən strateji yüksəklikləri əldən verirlər? Mənə maraqlıdır, görəsən, bu suallar iqtidarı narahat edirmi? Yoxsa, “əşi, boş şeydi” deyib, əlmi yelləyirlər?

 

Neçə il idi Əliyev iqtidarına əsas irad, ona qarşı yönələn aparıcı antitezis Qarabağa görə idi. “Bunlardan Qarabağı azad edən olmaz” deyib, əkstəbliğat qurulurdu. 2020-ci ilin sentyabrından bu qara təbliğat maşınının çarxları sındırıldı. Hərb cəbhəsində ermənilər sıradan çıxarıldı, daxili siyasi mübarizədə isə rəqiblər qələbə xəbərləri və faktları ilə xeyli neytrallaşdırıldı. Ən radikal müxalifət lideri kostyumunu geyinmiş adam belə İlham Əliyevi Şuşa qələbəsinə görə təbrik etdi, onu təriflədi.

Müharibədən sonra hakimiyyət yenə də Qarabağ amili ilə “vurulur”. Bu dəfə tamam yeni və fərqli “silahla”. Şəhid ailələrinin və qazilərin sosial, sağlıq problemləri ilə dövlətin üzərinə gəlinir. Qazilərimizin, şəhid ailələrinin problemləri var. O problemlər həll edilməlidir. Dövlətin sosial sahədəki ən başılaca vəzifələrindən biri, hətta birincisi şəhid ailərinə və qazilərə qayğıdır, onların problemlərinin həllidir.

Yeri gəlmişkən, müharibədən sonra yaradılan “YAŞAT” Fondunun şəhid ailələrinə və qazilərə yönəlik fəaliyyəti çox təqdirəlayiqdir. Bu təşkilat yarandığı gündən şəhid ailələrinə və qazilərə 62 milyon 597 min manat xərcləyib. Gözəl fəaliyyətdir, qürurverici işdir. Bu işi təbliğ etmək üçün hansı effektiv üsullardan istifadə edilir, açığı bilmirəm, görmürəm.

Sosial şəbəkələrin informasiya müharibələrində üstünlük təşkil etdiyi indiki dönəmdə istənilən hakimiyyət əvvəlki dövrlərə nisbətdə daha çox ictimai basqı altında olur. Fəqət hər şeyi də sosial şəbəkələrin üstünə atıb, məsuliyyətdən yaxa qurtarmaq istəyi qəbul edilə bilməz. Əgər məmurların təyinatında, deputatların seçkilərdən öncəki seçimində savad, bacarıq, intellekt, təcrübə yox, sədaqətlik, mütilik, şəxsi münasibət, qohumbazlıq, dostcanlıq və s. amillər əsas götürülürsə, olacağı budur. Bir orta təhsilli sosial şəbəkə istifadəçisi bir paylaşımı ilə bütöv dövlət aparatının işini iflic edə bilirsə, rüşvətxor, savadsız məmur da, müti, gözüqıpıq deputat da hakimiyyəti müdafiə etmək əvəzinə, üzünə-gözünə bulaşdırırsa, danışığı ilə yanan ocağın üstünə yağ tökürsə, kənarda düşmən axtarmağa gərək yoxdur.
Bacarıqlı və azad insanları seçib iş başına gətirmək lazımdır. Sonra da həmin məmurlara, deputatlara bir az azadlıq, sərbəstlik vermək lazımdır ki, danışanda yüz dərənin suyunu bir-birinə qatmasınlar. Çıxış edə-edə beyni “yuxarıdan” gələcək tənqid və təhdid zənglərinə “cavab” verməsin. Azadlıq olmayan yerdə gözəllik yaratmaq mümkün deyil.
Düşüncələri işğaldan azad etməyin vaxtı çoxdan çatıb. Dövlətin gördüyü nəhəng işləri cəmiyyətə çatdırmaq üçün beyinlərin, intellektlərin, cəsarətin, sərbəstliyin logistikası üçün koridorlar açmaq vacibdir. Yoxsa siyasi-ideoloji tıxac hamımızı təngnəfəs edir…

Azər Ayxan, Əməkdar jurnalist

 784 baxış sayı

Paylaşın
XƏBƏR GÖNDƏR
Siz də, şahidi olduğunuz və ya əldə etdiyiniz xəbərləri bizə göndərə bilərsiniz.